Ankaradakı son terror olayının Suriya kəşfiyyatı ilə PKK arasındakı işbirliyi nəticəsində meydana çıxması ilə bağlı yeni xəbərlər yayılmaqdadır.
Maraqlıdır, terror aktının Suriya kəşfiyyatının iştirakı ilə təşkil edilməsi ehtimalı nə dərəcədə realdır? Bu ehtimal qəti şəkildə təsdiq edilərsə, o zaman Türkiyə Suriyaya qarşı cəza tədbirləri həyata keçirə bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli maraqlı fikirlər səsləndirib:
“Ankarada baş verən terror hadisəsi çox ciddi planlanmış və eyni zamanda bir neçə məqsədə nail olmağı hədəfləmiş böyük bir olaydır. 7 iyun seçkiləri ərəfəsində HDP-nin Diyarbəkir mitinqində də eyni buna bənzər bir hadisə yaşanmışdı. O seçkilər ərəfəsində ABŞ kəşfiyyatının əski şefi də bir açıqlama vermişdi ki, əgər HDP barajı keçməzsə, Türkiyənin böyük şəhərlərində böyük terror hadisələri olacaqdır. İndi də Türkiyədə PKK-nın çox alçaqca gerçəkləşdirdiyi terror hadisəsindən sonra, 22 iyundan bu yana Türkiyənin başlatdığı antiterror əməliyyatları terror örgütünə çox ciddi zərbə vurub.
PKK-nın əksər sığınaq və ehtiyat depoları dağıdılıb, iki mindən çox terrorçu gəbərdilib. PKK bölgədə yaşayanlara zülm etdiyi üçün xalqdan da dəstək ala bilmədi son aylarda. Umduqlarını bulmadılar. HDP-nin də PKK-nın siyasi uzantısı olduğu bütün çılpaqlığıyla ortaya çıxdı.
HDP-nin 1 noyabr seçkilərində barajın altında qalma ehtimalı güclənirdi. PKK-HDP-nin zəifləməsi xaricdəki ağalarını çox ciddi narahat edirdi. Bunları nəzərə alaraq Ankara terrorunun əsas məqsədlərini belə sıralamaq mümkündür:
1)HDP barajı keçməlidir!
2)Türkiyə dövləti PKK-HDP ilə danışıqlar masasına oturmalıdır!
3)Türkiyə anti-terror əməliyyatlarını dayandırmalıdır!
Suriya kəşfiyyatının təşkil edib-etməməsi mümkün variantlardan biri kimi nəzərə alına bilər, amma əsas məqsəd artıq aydındır!”
Seymur Əliyev