Prezident İlham Əliyevin iqtisadiyyatdakı inhisarçılıq və azad sahibkarlığın sıxışdırılması ilə bağlı sonuncu çıxışı ölkədə ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, prezidentin məlum
problemlərlə bağlı səsləndirdiyi fikirlər, bu problemlərin yaranmasında və həll
edilməməsində maraqlı olan şəxslərə ünvanladığı xəbərdarlıqlar nəticə verəcəkmi?
Sahibkarlıq mühitinin yaxın gələcəkdə qismən də olsa yaxşılaşacağını müşahidə
etmək mümkün olacaqmı?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri,
iqtisadçı-ekspert Azər Mehdiyev son illər ölkədəki sahibkarlıq mühitinin davamlı
şəkildə pisləşdiyinin inkaredilməz olduğunu vurğuladı:
“Sahibkarlıq mühiti,
sahibkarların sıxıışdırılması ilə bağlı ilk dəfə deyil ki, fikirlər səsləndirilir.
Hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyev dönəmində də bu məsələlər dəfələrlə
səsləndirilmişdi. H.Əliyev də sahibkarların sıxışdırılması, onlara olan
basqıları dəfələrlə qeyd etmişdir. Bununla bağl müxtəlif fərmanlar imzalanmış,
qərarlar verilmişdir. İ.Əliyev də Nazirlər Kabinetinin toplantılarında, müxtəlif
iclaslarda sahibkarlara olan basqılardan bəhs edib. Bununla bağlı müxtəlif sənədlər
imzalanlıb.
2011-ci ildə Azərbaycanda
lisenziyalaşma ilə bağlı xüsusi qanunun hazırlanması ilə bağlı göstəriş
verilmişdi. 2014-cü ildə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ayrı-ayrı
istiqamətlərdə müvafiq tədbirlərin görülməsi ilə bağlı da göstərişlər verilib. Lakin
bütün bunlara baxmayaraq biz vəziyyətin yaxşılaşdığını deyil, əksinə ildən-ilə
ağırlaşmasına şahidlik edirik. Bunun da səbəbi sahibkarlığın bazasında azad
sahibakrlığın deyil, inhisarçılıq mühitinin dayanmasıdır. Inhisarçılığın başında
duran isə məmurlardır. Azərbaycanda dövlət məmurlarının sahibkarlığı mövcuddur.
Dövlət məmurları digər şəxslərin sahibkarlıqla fəaliyyətinə maneçilik törədirlər”.
A.Mehdiyevin qənaətincə,
məmur sahibkarlığı aradan qaldırılmadığı təqdirdə, bu sahədə ciddi bir uğura
nail olmaq mümkün olmayacaq: “Nə qədər ki, ölkədə məmur sahibkarlğı mövcuddur,
nə qədər ki, inhisarçılıq var, vəziyyətin müsbətə doğru dəyişəcəyi o qədər də
güman edilən deyil.
Ölkəyə bu günə qədər ciddi
neft gəlirləri gəlirdi və büdcənin doldurulmasında bu gəlirlərdən istifadə
edilirdi. Lakin büdcədə də vəziyyət ağırlaşıb və bu ağırlaşma büdcənin
dondurulması baxımından belə olsa sahibkarlıq mühitinin yaxşılaşdırılmasını tələb
edir. Bu kimi çıxışların problemin həllinə öz təsirini göstərib-göstərməyəcəyinə
gəlincə, bunu müəyyən etmək üçün zamana ehtiyac var”.
Seymur Əliyev