“Hərbi Jurnlaistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında Türkiyənin rus təyyarəsini vurmasını və bunun iki dövlət arasında yol aça biləcəyi mümkün gərginliyi şərh edib:
“Əgər desəm ki, bu gün və yaxın iki-üç gün ərzində ən çox müzakirə olunan mövzu Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurması olacaqdır, məncə səhv etmiş olmaram. Türkiyənin Suriya ilə sərhədində rus bombardmançısının vurulması gözlənilən idi və şəxsən mən burada qeyri-adi heç nə görmürəm. Əvvəla, Rusiya kimi nüvə dövlətinin Ali Baş Komandanı vəzifəsini daşıyan Putin yoldaş bilməliydi ki, müharibə itkisiz-qadasız ötüşmür. Onun ölkəsindən kənara göndərdiyi ilk rus hərbçisi deyil ki, faciəli şəkildə həlak olur. İndi Putin özünü Türkiyə rəhbərliyin yerinə qoysun və üstünə gələn yüz minlərlə qaçqını, köçkünü, həmçinin daxildə olan bölücüləri nəzərə alsın və sakit başla qərar versin.
Mən burada əsla bilərəkdən hansısa təxribat hərəkətinin Türkiyə tərəfindən olmasını düşünmürəm. Əksinə, rus hərbçilərinin özündən razılığı, lovğalığı və cəzasızlığı özünü bu şəkildə göstərdi. Sənə on dəfədən çox xəbərdarlıq edilir ki, Türkiyənin hava məkanındasan və geri çəkil. Sonda da bu acı sonluq. Sözsüz ki, artıq tərəflər arasında söz dueli, özünü müdafiə cəhdləri kimi hərəkətlər başlayıb. Mən qəti şəkildə Türkiyənin mövqeyini dəstəkliyirəm və çox istərdim ki, bütün türk dünyası bu hərəkətə görə qətiyyən çəkinməsin və açıq şəkildə Rusiyanı özbaşınalıqdan çəkindirməyə yönəlik çağırışlar etsin. Rusiya unutmamalıdır ki, onun son vaxtlar Ukraynada, ondan əvvəl Gürcüstanda və dünyanın ayrı-ayrı nöqtələrində sərgilədiyi yalnış siyasəti dönəmində ona qarşı bütün dünya güclərinin tətbiq etdikləri iqtisadi sanksiyalar dönəmində məhz Türkiyə ona doğru addım atdı və onu qəbul etdi. Bunun özü Türkiyənin özü üçün nə qədər çətin oldu, bunu izah etmək yəqin ki, lazım deyil. İndi Rusiyanın hədə-qorxularına da mən çox fikir vermirəm. Türk dünyası və NATO Rusiyanı bu son hadisəyə görə ata biləcəyi yalnış addımlara görə daha da küncə sıxışdıracağına heç kimin şübhəsi olmasın”.
Seymur Əliyev