“Məni bir azərbaycanlı kimi təəccübləndirən
odur ki, hörmətli Aqil Abbas və Rəşad Məcid
kimi ziyalı adı daşıyan adamlar Türkiyədən üzr istəməyi tələb edirlər. Maraqlıdır,
20 yanvar, Xocalı soyqırımına, Azərbaycan torpaqlarının işğalında ermənilərə
verdiyi dəstəyə, minlərlə insanımızı öldürüldüyünə, yurd-yuvasından digərgin
saldığına görə, bəlkə biz də Rusiyadan üzr istəməliyik?”
Bunu tanınmış ixtiraçı həkim, tibb elmləri
namizədi Nizami Məmmədov Aqil Abbas və Rəşad Məcidlinin Türkiyədən üzr tələbini
şərh edərkən bildirib.
Moderator.az-a açıqlamasında Nizami Məmmədov Türkiyənin rus hərbi təyyarəsini vurmasını bir neçə xəbərdarlıqdan sonra
atılmış qətiyyətli addım kimi qiymətləndirib. Onun fikrincə, Rusiya bütün xəbərdarlıqlara
baxmayaraq, öz qanunsuz əməllərini, başqa ölkələrin, o cümlədən Türkiyənin hava
məkanını pozmağı davam etdirirdi: “Haqlı olaraq Türkiyə ona cavab verməliydi və
verdi”.
“Rusiya hərbi təyyarələrinin türkmənlərin
başına bomba yağdırmağa nə haqqı var?”-deyə Aqil Abbas və Rəşad Məcidə sual
ünvanlayan həmsöhbətimizə görə, Moskva İŞİD bəhanəsi ilə Suriyada dinc sakinlərə
qarşı hərbi təcavüz həyata keçirirdi və kimsə onun bu aqressiyasının qarşısını
almalıydı.
Azərbaycan dövlətinin insidentə soyuqqanlı
yanaşmasının anlaşılan olduğunu deyən Nizami həkimin fikrincə, ziyalılarımızın
Rusiya meylli mövqeyi isə başadüşülən deyil: “Azərbaycan ziyalısı adını daşıyan
insanların nəyinsə xatirinə Türkiyəyə Rusiyadan üzr istəməyi rəva görmələri
acınaqlı və qardaşlığa yaraşmayan hərəkətdir. Özünü rus demokratı adlandıran Aleksey
Navalnı yalnız rus aqressiyasına haqq qazandırdı. Bizim bəzi ziyalılarımız da, təəssüf
ki, Kremlin məsləhətçiləri kimi danışırlar”.
Bir həkim kimi hər bir ölüm hadisəsinə, o
cümlədən rus pilotlarının həyatını itirməsinə təəssüflənən N. Məmmədov faciənin
səbəbini Türkiyədə deyil, rus təvazökarlığında axtarır və hadisənin doğuracağı
nəticələr barədə nikbindir: “Rusiyanın aqressiv siyasətinə haqq qazandırmaq etik
normalara ziddir. Xüsusilə azərbaycanlılar üçün. Mən bu hadisənin analizini
vermək istəmirəm. Amma inanıram ki, məlum insident Türkiyə-Rusiya münasibətlərinə
ciddi xələl gətirməyəcək”.