İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq, hüquqşünas-kriminalist İlqar Altay Moderator.az-a açıqlamasında Nardaran hadisəsini və bu hadisəni doğuran səbəbləri şərh edib:
“Mən
Azərbaycan dövlətçiliyinə dini amildən istifadə etməklə sarsıntı gətirilməsi təzahürlərinə
qarşı həmişə həssas olmuşam. İstər ekstremist sünni vəhabilərə,
istərsə də şiə məzhəbli ifrat islamçılar vasitəsi ilə basqılara qarşı mətbuatda
çıxışlarım çox olub. Bir neçə dəfə gənclərimizin yanlış dini ideologiya verən,
ölkəmizdə “5-ci kalon”unu saxlama mənbəyi olan İran onun Qum, Məşhəd kimi dini
mərkəzlərinə tədqiqat
səfərində olmuşam. Yəni
bu məsələyə çox həsassam.
Bu son
dövrlərdə, Aşura mərasimi vaxtı iranyönlülərin hərəkətə gəlməsi diqqətimi cəlb
etdi. Bunların nizamlı dəstələrlə parad və yürüş təşkil etməsi, cürətli təbliğat
hərəkətləri və s. nəsə əvvəlkindən aqressiv dərəcədə fərqli idi. Xüsusən də
onların lideri kimi qələmə verilən Tale Bağırzadənin bir çıxışı diqqətimi çəkdi.
Sözün düzü, məəttəl qaldım. Mən, hələ Azərbaycanda oturub Azərbaycan dövlətçiliyinə,
xalqının kimliyinə qarşı belə açıq, nümayişkaranə, aşağılayıcı fikirlər eşitməmişdim.
İnanın ki, bunu kimsə İranda etsəydi, elə oradaca qaldırıcı krandan asardılar.
Yaxud Türkiyədə etsəydi dərhal yerindəcə həbs edərdilər”.
İ.Altay
bir müddət öncə Baş Prokurorluğa mətbuat vasitəsi ilə müraciət etdiyinə də diqqət
çəkdi:
“Bundan
çox təsirlənib Baş Prokurora mətbuat vasitəsilə çəkinmədən müraciət etdim.
Müraciətim ölkə mediasında və cəmiyyətin gündəmində geniş yer aldı, çoxlu dəstək
gəldi. Ancaq məni buna görə hətta özlərini demokratik adlandıran müxalifətdən də
qınayanlar oldu. Bizim cəmiyyətdə açığı, bütün varlığı ilə, hər anında hakimiyyətlə
çarpışma xəstəliyinə tutulmuş siyasilər var.
Bunların
ən yuxarı liderləri belə ümumi dövlət və dövlət hakimiyyəti fərqi, mahiyyətini
qarışdırır. Dövlət üçün təhlükə hesab edib atılan addımı bunlar hakimiyyət üçün
xidmət hesab edib qəribçiliyə, ordan da qınağa çəkirlər. O vaxt da mənim müraciətimi
öz əlaltı “müstəqilləri” vasitəsilə qınağa çəkib, şübhə altına qoymağa
çalışdılar. T. Bağırzadəni hətta Milli Şura səviyyəsində “xalq cəfakeşi” qəhrəmanına çevirdilər.
Ancaq
indi Tale Bağırzadənin qanuni həbsi zamanı onun tərəfdarları terrorçular kimi
polislə silahlı qarşıdurma törədiblər. Özü də qumbara, avtomat silah işlətməklə,
silahlı qarşıdurma. Qan tökülüb və hətta ölənlər də var. İranda 5-7 il dini təhsil
almış, İran xomeyni-şiə-hüseynçi mövqeyindən çıxış edən, ilahiyyatçı, alim,
ictimai-siyasi xadim kimi qələmə verilən birisi, polislə hətta atışma dərəcəsində
hazırliqlı silahlı dəstəyə malikdirsə, demək İrandan ölkəmizə nəinki ideoloji,
həm də fiziki, maddi və silahlı hazırlıqlı qüvvələr daxil olur. Hiss olunur ki,
bu, ölkənin bir çox zonalarını əhatə etmiş geniş, mütəşəkkil, silahlı bir şəbəkədir.
Belə çıxır ki, sabah ölkədə hər hansı bir təbii fəlakət və ya müharibə, ictimai
siyasi təlatüm yaşansa, bundan istifadə edib dövlətçiliyimizə qarşı hər cür təhlükə
yarada bilərlər.
Demək,
mən mətbuatda daim vurğuladığım, proqnoz verib hüquq-mühafizə orqanlarını və
ictimaiyyəti açıq ictimai formada xəbərdar etdiyim kimi dövlətimiz təhlükədədir. Demək hüquq
mühafizə, xüsusi xidmət orqanlarımızda və eləcə də ictimai insanlarımızin fəaliyyətində
bunların bu qədər irəli buraxılmasında boşluqlar olub müəyyən dövrlərdə. Hələ dərin
istintaq və operativ tədbirlər araşdırmasında düşünürəm ki, çox şeylər məlum
olacaq”.
İ.Altayın
qənaətincə, bu qüvvələr hələ də ölkəmiz üçün təhlükə mənbəyi olaraq
qalmaqdadır:
“Apardığım
müşahidə və təhqiqata görə bu gün də
qeyd edirəm ki, xaricdən dəstəklənən bu şəbəkə ölkəmiz üçün ciddi problemdir. Bir
saat belə ləngimədən bu böyük və mütəşəkkil və təminatlı, din pərdəsi altında
dövlətçiliyimizə basqı edən şəbəkəyə qarşı tədbirlər görülməlidir. Dövlət və cəmiyyət
birliyində kəskin qətiyyətli addımlar atılmalıdır. İki ay bundan əvvəl Tale
Bağırzadənin mahiyyəti, xarici dəstək mənbəyi və ətrafı barədə ictimaiyyəti və
dövlət orqanlarını xəbərdar edəndə tədbir görülsəydi, bəlkə də bu gün
Nardaranda polis və vətəndaşlarımızın qanı tökülməzdi.
Bu gün
polisə, ictimai asayişə qarşı hərəkətlərindən də göründüyü kimi, terrorçu
mahiyyətli dini ekstremist şəbəkə var. Onlar Azərbaycanı qarışdırmaq yolunda
artıq həddini aşıb. Ölkənin hətta Gəncə-Qazax kimi sakit bölgələrini də
cavanları cəlb etməklə, bölgələri əhatə etməklə çox təhlükəli həddə çatıblar. Onların
bu gün Nardaranda törətdiyi akt terror və dövlətçiliyə qarşı açıq çağırış hesab
edilir. Bunun qarşısı qətiyyətlə və güzəştsiz olaraq alınmalıdır. Heç bir dövlət
və cəmiyyət buna dözməz.
Mən çox
yaxşı tanıdığım Nardaran camaatını, bütün vicdanlı dindarları Tale Bağırzadə və
İran tərəfdən yönləndirilən diğər emissarların təbliğat və təxribatına uymamağa
çağırıram. Bu dövlət hamımızındır, hamımızın evidir, onu sarsıtmağa qoymayaq ”.
Seymur
Əliyev