Hər bir azərbaycanlının amalı gələcək nəsillərə sağlam cəmiyyət miras
qoymaq olmalıdır. Ona gedən yol isə ədalətdən keçir. Cəmiyyətdə ədalət onun mükəmməlliyi
deməkdir. Ona görə də humanizm və ədalətin bərpası üçün atılan hər bir addım daha
artıq təqdir edilməlidir ki, cəmiyyətdə durğunluq yaşamasın. Qələmə aldığım
bütün məqalələrimdə qanun yaradıcılığı və tətbiqi sahəsində xəbərdarlıq məsələnin
yenidən gündəmə gətirilməsini problem
kimi ortaya qoymuşam .
Çox sevinirəm ki, Vergilər Nazirliyi qanunvericilikdən daha öncə vergi
inzibatçılığı sahəsində artıq bu məsələni kütləvi şəkildə tətbiq edir. Bu, həm
vergi orqanları əməkdaşları tərəfindən vəzifə saxtakarlığının qarşısını alır, həm
də vergi ödəyicilərinin fəaliyyətini stimullaşdıraraq, onlara dövlət qayğısını
hiss etdirir. Beləliklə, bu hər iki tərəfdə mənəvi məsuliyyət yarada biləcək
ülvi niyyətlərə xidmət edir.
Amma bütün bunlarla yanaşı, vergi təbliğatının da həyata keçirilməsi
vacibdir. İstərdim ki, hər bir vergi ödəyicisi ( sahibkar) belə bir tədbiri əhəmiyyətli
dərəcədə hiss etsin və hər iki tərəf mənəvi
cəhətdən faydalansın. Bu yolla
sahibkarlar dövlətin dostu ola bilərlər. Onlar öz fəaliyyətlərinin nəticələrinin qiymətlədirildiyini görməlidirlər.
Xüsusi layihələr həyata keçirilməlidir. Uzun müddətli fəaliyyət göstərən
sahibkarlara faizsiz biznes kreditləri, güzəştli avia biletlər, mənzil təminatının
təşkili sahəsində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilməlidir. Tərəqqi ordeni və medallarla təltiflər xüsusi
planlı şəkildə ictimailəşdirilərək həyata keçirilməlidir.
Bu işin təşkilində ədalələtliliyin və nizamın qorunmasına ciddi nəzarət
olmalıdır. Elə etmək lazımdır ki, vergilərin
ödənilməsində insanlar yarışsınlar. Bir məsələni isə xüsusi vurğulamaq istəyirəm.
Hesab edirəm ki, həmin məsələ aktual və kifayət qədər diqqətə layiq məsələdir.
Cəmiyyətin həyatının müxtəlif sahələrində o cümlədən iqtisadi sahədə hərbləşmənin
məhdudlaşdırılması bu günümüzün tələblərindəndir.
İqtisadiyyatın hərbləşdirilməsi və sistemləşdirilməsi xüsusi rütbələrin
hərbi ierarxiya qaydalarına (nizamına) uyğunlaşdırılması əslində Azərbaycan dövlətinə
məxsus Konstitusiyadan doğan ali məqsədə uyğun gəlmir. Təsvir edilən xüsusiyyətlər
iqtisadiyyatın hərbləşdirilməsi əlamətlərini özündə ehtiva edir. Çünki iqtisadiyyatın hərbləşdirilməsi totalitar
avtoritarizmin əlamətlərinə aiddir. Anoloji faktları Yüksək Texnologiyalar Nazirliyinin
struktur bölmələrinə, Bakı Baytarlıq
idarəsinə, Metropoliten və. s aid etmək mümkündür.
Nizam intizamın olması üçün
xüsusi geyim və formalardan istifadə etmək olar , amma xaraktercə hərbi
rütbələrin çiyin nişanlarının tətbiqi zənnimcə normalardan bir qədər kənara
çıxmaqdır. Əslində cəmiyyət belə qaydaları birmənalı qarşılamır. Bir sıra
insanlar bunu xof yaratmaq məqsədi daşıdığını qeyd etsələr də, əslində daha çox ikrah və qəzəb hissi yaratdığını
müşahidə etməmək olmur. Hesab edirəm ki,
cəmiyyətdə sülh və barışın yaradılması, bu gün üçün tələb olunan mənəvi
ehtiyacların qarşılanması naminə sözügedən əhəmiyyətli addımların atılması lazımdır.
Elçin Qurbanov