QAT-ın mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Suriya türkmənlərinə olan basqılara etiraz olaraq “Qarabağdan Bayırbucaq türkmənlərinədək” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbiri giriş sözü ilə açan QAT sədri Akif Nağı məsələnin mahiyyəti ilə bağlı məlumat verib, atılacaq addımlara dair təkliflərini təqdim edib. Sonra millət vəkili Fazil Mustafa, politoloq Mübariz Əhmədoğlu, QHT rəhbərləri Tərlan Eyvazov, Tahirə Məmmədli, Radə Abbas, Füruzə Əsədullayeva, Cəfər Dal, İsmayıl Ağayev, Mehriban Abdullayeva, Qüləbala Mustafayev və digərləri çıxış ediblər. Çıxış edənlərin təklifləri əsasında bu məsələ ilə bağlı geniş forumun keçirilməsi, Suriya türkmənlərinə yardım kampaniyasına başlanılması və s. məsələlər qərara alınıb. Tədbirdə həmçinin Türkiyə ilə Rusiya arasındakı son gərginlik, Rusiya hərbi təyyarəsinin vurulması məsələsi müzakirə olunub. Dəyirmi Masa iştirakçıları Türkiyənin mövqeyini dəstəkləyib, Rusiyanın bu məsələ ətrafında artıq gərginlik yaratmasını pisləyiblər. Sonda Dəyirmi Masa iştirakçılarının adından bəyanat qəbul olunub. Bəyanatda göstərilir: Dünyanın gözü önündə Suriya türkmənlərinə qarşı soyqırım siyasəti həyata keçirilir. Böyük dövlətlərin Ermənistanın əli ilə Qarabağda törətdikləri və hələ də davam etməkdə olan faciələr bu gün Suriyanın Bayırbucaq və digər ərazilərində yaşayan türkmənlərin başına gətirilir. Rusiyanın və Fransanın hərbi təyyarələri İŞİD-lə mübarizə adı altında türkmənlərin yaşadıqları əraziləri bombalayır, dinc əhalini kütləvi şəkildə qətlə yetirirlər. Ərazidə humanitar fəlakət vəziyyəti yaranıb, insanlar öz evlərindən didərgin salınıb, qadınlar, uşaqlar, qocalar köməksiz vəziyyətdə, açıq havada qalıblar, aviasiya zərbələrindən qorunmaq üçün dağlara-daşlara sığınıblar. Onlar ac-susuz, tibbi yardımsız taleyin hökmünə buraxılıblar. Bu on minlərlə insan böyük dövlətlərin məkrli niyyətlərinin, mənfur maraqlarının qurbanlarına çevriliblər.
Bütün bunları nəzər alaraq hesab edirik:
1. BMT Təhlükəsizlik Şurası Suriya türkmənlərinin vəziyyəti ilə bağlı təcili iclasını çağırmalı, on minlərlə dinc əhaliyə qarşı törədilən soyqırım siyasətinin dayandırılması üçün təsirli qərarlar qəbul etməli, həmin qərarların yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır.
2. Rusiya və Fransanın antiinsani hərəkətləri dünya birliyi tərəfindən lənətlənməli, beynəlxalq qurumlar onların məsuliyyətə cəlb olunmasına nail olmalıdır.
3. Rusiya və Fransa hərbi qüvvələri türkmənlərə qarşı törətdikləri qanlı əməllərini dərhal dayandırmalı, hərbi təyyarələrin uçuşlarına son verməlidirlər.
4. ABŞ bölgədəki məkrli siyasətindən, insanların fəlakəti hesabına mənfəət əldə etmək siyasətindən imtina etməlidir.
5. İslam Əməkdaşlıq Təşkilatı dərhal bu məsələyə müdaxilə etməli, təsirli addımlar atmalıdır.
6. Türkiyə, Azərbaycan və İran hökumətləri Suriya türkmənlərinin taleyi ilə bağlı birgə tədbirlər görməli, əlaqəli fəaliyyət göstərməlidirlər.
7. Azərbaycan cəmiyyəti, siyasi partiyalar, QHT-lər, nüfuzlu ictimai-siyasi xadimlər Suriya türkmənlərinə hərtərəfli dəstək verməli, dili, dini bir olan qardaşlarımızı darda qoymamalıdırlar. Biz başımıza gətirilən müsibətlərə susduqca, yeni faciələr meydana gəlir. İslam və türk dünyası özünə güvənməli, öz problemlərini özü həll etməlidir. Belə olsaydı, dünən Qarabağ, bu gün Bayırbucaq faciələri baş verməzdi.
8. Biz, Dəyirmi Masa iştirakçıları öz növbəmizdə türkmən qardşlarımıza istənilən yardımı göstərməyə, onlarla çiyin-çiyinə vuruşmağa hazır olduğumuzu bildiririk. Allah İslam və Türk dünyasına kömək olsun!