“MTN işi” ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, qanunsuz yolla əldə edilən milyonların çoxluğundan “əziyyət çəkən”, bu pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşən sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb. Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib.
Mənbənin sözlərinə görə,
bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə
pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora
yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.
Bilgili qaynağın sözlərinə
görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür
konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin harda olması, onların
içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey
varsa, bu da bir yerlərdə gizlədilən bu
konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözlədiyidir.