Türkiyənin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasından sonra iki dövlət arasındakı münaibətlərin bütün sahələrində ciddi gərginlik müşahidə edilməkdədir. Rəsmi Ankaraya olan hirs və qəzəbini Rusiyadakı sıradan türk vətəndaşlarına qədər daşıyan Putin hökuməti, bu ölkədə oxuyan türk tələbəsindən tutmuş burada işləyən türk fəhləsinə qədər hər kəsi rus nifrətinin hədəfinə çevirib.
Rusiya tərəfi Ankaranı PKK və Ermənistanı ona qarşı yönəltməklə də təhdid edir ki, bu da öz növbəsində Trükiyənin əks-zərbə imkanlarını gündəmə gətirir. Maraqlıdır, Türkiyə Rusiyanın təzyiqlərinə cavab olaraq bu ölkədəkə çoxmilyonlu türk-müsəlman xalqlarının milli-azadlıq hərəkatına dəstək verməklə, Kremli ciddi təzyiqlərə məruz qoya bilərmi? Bu yolla rus imperiyasını daxildən sarsıtmaq mümkündürmü? Əslində son bir əsr ərzində Türkiyənin bu istiqamətdə heç bir iş aparmamasını, Rusiya əsarətindəki türk xalqlarını taleyin ümidinə buraxmasını bu gün onun özünü də “vuran” yanlış addım kimi xarakterizə etmək olarmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir isə Türkiyənin heç vaxt Rusiya daxilindəki türk xalqlarının azadlıq mübarizəsinə dəstək verəcək gücə sahib olmadığını vurğuladı:
“Rusiya daxilindəki türk toplumlarının azadlıq mücadiləsinə dəstək verməsi üçün Türkiyənin lazımi imkanları yoxdur. Türkiyə bunun üçün gərəkli olan praktikadan da məhrumdur. Rusiyanın isə seperatçılara, terrorçulara dəstəklə bağlı böyük təcrübəsi var. PKK sözdə milli-azadlıq hərəkatı adlansa da, əslində seperatçı hərəkatdır. Rusiyann seperatçı hərəkatlara dəstək verəcək gücü də var. Rusiya bu məsələdə tək deyil. Bir çox ölkə PKK-ya dəstək verir, onları silahlandırır və s. Kürd institutu hələ ötən əsrin 70-ci illərində Rusiyada yaradılıb. Bərzani nəslinin ruslarla o zamandan, hətta ondan öncəki zamanlarda belə ruslarla əlaqələri olub. Rusiya terroristlərə həm ideoloji yardım göstərir, onların ideolojiyalarını hazırlayır, həm də kadrlarını hazırlayırlar. Onların silah və maliyyə ehtiyacını da qarşılayır. Türkiyənin isə milli-azadlıq mübarizəsi aparan türk xalqlarına kömək üçün gərəkli gücü və təcrübəsi yoxdur. Rusiya bu istiqamətdə ciddi iş görüb və bundan sonra da görə bilər. Ruslar açıq şəkildə deyir ki, biz erməniləri də, kürdləri də Türkiyəyə qarşı mübarizəyə bir az da həvəsləndirməliyik.
Rusiyada qorxu hiss yoxdur. Ona görə yox deyil ki, o, həqiqətən də hər kəsdən güclüdür. Ona görə yoxdur ki, ehtiyatlı olmaq, qorxmaq üçün ağıl və dərrakə lazımdır. Bunun üçün ağılı idraetməyə ehtiyac var. Hansı ki, Rusiyada belə bir idarətetmə yoxdur. Rusiyada sadəcə dövlət səviyyəsində şovinizm və seperatçılıq var”.
Seymur Əliyev