Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə, bu gün Bakı Beynəlxalq Avtovağzalında bir qrup sürücüsü Nəqliyyat Nazirliyinin sərnişin tutumu 23 nəfər və ondan az olan “Mercedes sprinter” markalı avtobusların rayonlara səfərinə qadağa qoymasına etiraz əlaməti olaraq etiraz aksiyası keçirib. Sabahdan qüvvəyə minməsi gözlənilən yeni qadağaya etiraz edən sürücülər, avtovağzalın giriş-çıxışını bağlayraq nəqliyyat vasitələrinin avtovağzal ərazisinə girişinə imkan verməyib.
Sürücülərin sözlərinə görə, Nəqliyat Nazirliyin qəfil qadağası onlarla sürücünün, sahibkarı sözün həqiqi mənasında aclğa, səfalətə məhkum etmək deməkdir. Onlar iddia edir ki, “Mercedes sprinter” markalı avtobusların alınmasını min bir əziyyətlə, bankdan kredit götürməklə təmin ediblər. Kreditə girən zaman isə inanıblar ki, paytaxtdan rayonlara və əks istiqamətə sərnişin daşımaqla bankın kreditini ödəyəcəklər. Bu gün isə onların qarşısında Nəqliyyat Nazirliyi belə bir tələb qoyur ki, bu avtobuslar sərnişin tutumu daha çox olan iri avtobuslarla əvəzlənməlidir. Hansı ki, bu avtobusların alınması daha böyük vəsait tələb edir ki, bu da sərnişindaşıma ilə məşğul olan sahibkarların imkanı xaricindədir. Bu səbəbdən də sürücülər Nəqliyyat Nazirliyinin bu qadağasının aradan qaldırılmasını tələb edir.
Son məumata görə, avtovağzal rəhbərliyi və əraziyə cəlb olunan Çevik Polis Alayının yetkililəri sürücüləri sakitləşdirməyə və yolu açmağa nail olublar. Sürücülərə bildirilib ki, 15-20 dəqiqə ərzində Nəqliyyat Nazirliyin yetkililəri avtovağzala gələrək onları dinləyəcək və məsələni yoluna qoyacaqlar. Sürücü və sahibkarlar bildirir ki, əgər danışıqlar lazımi nəticəni verməsə, o zaman aksiyanı Nəqliyyat Nazirliyinin qarşısında davam etdirəcəklər.
Mövzunu diqqətdə saxlayacağıq.