Türkiyənin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasından sonra iki dövlət arasındakı münaibətlərin bütün sahələrində ciddi gərginlik müşahidə edilməkdədir.
Maraqlıdır, Rusiya tərəfi Ankaranı PKK və Ermənistanı ona qarşı yönəltməklə də təhdid edir ki, bu da öz növbəsində Türkiyənin əks-zərbə imkanlarını gündəmə gətirir. Maraqlıdır, Türkiyə Rusiyanın təzyiqlərinə cavab olaraq bu ölkədəkə çoxmilyonlu türk-müsəlman xalqlarının milli-azadlıq hərəkatına dəstək verməklə, Kremli ciddi təzyiqlərə məruz qoya bilərmi? Bu yolla rus imperiyasını daxildən sarsıtmaq mümkündürmü? Əslində son bir əsr ərzində Türkiyənin bu istiqamətdə heç bir iş aparmamasını, Rusiya əsarətindəki türk xalqlarını taleyin ümidinə buraxmasını bu gün onun özünü də “vuran” yanlış addım kimi xarakterizə etmək olarmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli bu gün Rusiya daxilində türk-müsəlman xalqlarının öz azadlıqları uğrunda mübarizəyə daha artıq önəm verdikərini bildirib. D.Əzimlinin qənaətincə, Türkiyənin bu istiqamətdə müəyyən xidmətləri də mövcuddur:
“Əslində, bu proses gedir. Həm də təbii yolla. Bu istiqamətdə Rusiya şovinistləri, o cümlədən V.Putinin şovinist hərəkətləri güclü rol oynayır. XXI əsrdə türk milli dərki güclənəcəkdir. Rusiya bunun qarşısını almaqda acizdir. Bunun bir səbəbi də Türkiyənin regional gücdən qlobal gücə çevrilmək şansıdır. Deməzdim ki, Türkiyə iş apramır. Bilirsiz, sovetlər dönəmində bu çətin idi. Amma sovetlər dağıldıqdan sonra bu istiqamətdə işlər asanlaşdı. Təbii ki, bu işlər mədəni əlaqələr səviyyəsində baş verir. Çünki siyasi əlaqələr hansısa dövlətin daxili işinə müdaxilə deməkdir. Amma son illər Türkiyə mədəni əlaqələr vasitəsiylə bu istiqamətdə çox güclü iş aparır. Elə götürək Türksoyu.... Rusiya öz ərazisində olan türk federasiyalara orada iştirak etməyə qadağa qoydu. Əslində, yanlış addımdır. Bu türk şüurunu daha da şiddətləndirəcəkdir”.
D.Əzimli türk-müsəlman xalqlarını Rusiyanın həyatında önəmli rol oynadığını və bu gün də oynamaqda davam etdikərini vurğuladı:
“Rusiyanın taleyində türk-müsəlman xalqları ciddi rol oynayıblar və oynamaqda davam edirlər. Rusiya bunu hesablamalıdır. Amma şovinstlik o həddə çatıb ki, hesablaya bilmir. Bu da Rusiya sivilizasiyasının qocalmasından irəli gəlir. Bu sivilazasiya qocalıb və ömrünü başa vurmaqdadır. Bununla belə öz işini də görür. Bunlardan biri türk-müsəlman aləmində anti-Türkiyə təbliğatını gücləndirməkdir. Buna müttəfiqi İran da qoşulub. Məsələn, onlar anti-Türkiyə təbliğatı üçün Ərdoğan və oğlunun biznes əməlləri haqqında görünməmiş şəkildə canfəşanlıq edirlər. Bununla da Türkiyənin türk-müsəlman dünyasında olan imicinə zərbələr vururlar. Bundan əlavə, onların və İranın Azərbaycan və Orta Asiyada olan şəbəkələri işə düşüb. Bu şəbəkə dini müstəvidə anti-Türkiyə təbliğatı aparır. Azərbaycanda bu şəbəkə xüsusilə fəaldır. Çünki türk-müsəlman dünyasının birliyi Azərbaycandan çox asılıdır”.
Tanınmış tarixçinin sözlərinə görə, İran şəbəkəsinin Azərbaycandak aktivliyi xüsusilə diqqət çəkir:
“İranın şəbəkəsi Azərbaycanda xüsusilə fəaldır. Onlar daha çox şiə-sünni məsələsinə toxunur və tarixdən yararlanmağa çalışırlar. Hesab edirəm ki, Türkiyədə bunu diqqətlə izləməlidirlər və Türkiyə mediası, sosial şəbəkələri son dərəcə səmimi olmalı və bunlara düsgün cavab verməlidir. Yəni, bu məslədə dini amili kənara atmalıdır. Çünki dini kəsim işləri korlaya bilər. Burada söhbət türk-müsəlman birliyindən gedir. Hələ ki, Türkiyə bunu uğurla davam etdirir. Çox gözəl də iş aparır. Son illərdə Türkiyədə bu özünü çox gözəl göstərir. Ona qarşı olan güclər də bundan narahatdırlar. Əminəm ki, Türkiyənin Rusyadakı türk-müsəlman dünyası ilə ilişkilərinə Rusiya maneçilik törədə bilməyəcəkdir. Çünki bu onun dövlətçiliyini sual altında qoya bilər. Ona görə də Türkiyənin bu ərazilərdə fəaliyyəti daha da güclənəcəkdir”.
Seymur Əliyev