“Nardaran hələ 90-cı illərin əvəllərindən İran xüsusi xidmət orqanlarının əsas yuvalarından birinə çevrilib”
Bir neçə gün bundan öncə Nardaranda baş verən və iki polis əməkdaşının şəhid olması, 4 nəfər qəsəbə sakininin öldürülməsi ilə nəticələnən silahlı insidentin arxasındakı səbəblər, bunu doğuran ehtimallarla bağlı ictimai rəydə müxtəlif fikrilər mövcuddur.
Maraqlıdır, Nardaran hadisələrinin arxasında sabiq MTN rəhbərliyindən kimlərinsə durması mümkündürmü? “MTN işi” ilə Nardaran olayları arasında doğrudanmı heç bir əlaqə yoxdur?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq MTN zabiti, Azad Demokratlar Partiyasının rəhbəri politoloq Sülhəddin Əkbər bu hadisələrin zəngirvari proses olduğunu və çox böyük ehtimalla bir-biri ilə ciddi əlaqələrə malik olduğunu vurğuladı:
“Bu ehtimalı gündəmə gətirməkdə haqlısınız. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı məşğul olan hər kəs ”“ istər jurnalistlər, istər istintaq orqanları, istərsə də müstəqil araşdırmaçılar iki başlıca istiqamətdə düşünsələr, daha doğru olar. “MTN işi” və onun fonunda baş verən proseslər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) baş verən təxribat, ardınca isə Nardaranda baş verən olayları bir zəngir olaraq dəyərləndirməlidirlər. İkincisi, buna həm də regionda baş verən hadiisələr konteksində yanaşmaq lazımdır. Yəni bunu həm də bir tərəfdən Rusiya-İran, digər tərəfdən Türkiyə və müttəfiqləri arasında Suriya üzərində geopolitik qarşıdurmanın kəskinləşməsi konteksində dəyərləndirmək daha məntiqlidir. Bu versiyaların hər biri digərini dəstəkləyən versiyalardır.
Təbii ki, Nardaranda problemlər var. Bu, kimsəyə sirr deyil. Nardaran hələ 90-cı illərin əvəllərindən İran xüsusi xidmət orqanlarının əsas yuvalarından birinə çevrilib. Bu, heç kimə sirr deyil. Lazımi anda orda hansısa təxribat törəmək üçün münbit bir şərait var. Bu baxımdan olayları üç konteksdə dəyərləndirmək lazımdır. Bir daha deyirəm, MTN və ətrafında baş verən hadisələr, RYTN-dəki təxribat, ardınca isə Nardaran olayları. Proseslər eyni zamanda, Rusiya-Türkiyə böhranı konteksində, habelə Nardaranın keçmişi nəzərə alınaraq dəyərləndirilsə, daha düzgün olar”.
Seymur Əliyev