Türkiyə prezidenti Ərdoğan Parisdə baş tutan Sammit çərçivəsində ABŞ dövlət başçısı ilə görüşüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, təxminən 1 saat davam edən görüşdən sonra hər iki lider açıqlamalar verib.
Ərdoğan Obama ilə görüşündə də Rusiyanın hava zərbələri endirdiyi Bayburcak bölgəsində İŞİD qüvvələrinin olmadığını qeyd edib:
“Bayburcaq İŞİD-in deyil, əksinə soydaşlarımızın, qohumlarımızın olduğu bölgədir. Buranın sürətli bombalanması dünya sülhü adına üzücü hadisədir. Rusiya ilə aradakı təzyiqi azaltmaq istəyirik”.
Ərdoğanla görüşdən sonra Obama da açıqlama verib :
“Putinə də söylədim, Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır. Türkiyənin özünü müdafiə etmə haqqını dəstəkləyirik. Vurulan rus döyüş təyarəsi olayından sonra birgə nə işlər görə biləcəyimizi müzakirə etdik”.