“Nə qədər ki, Rusiyanın yanındayıq, bizə kimsə kömək edə bilməyəcək”
5887
18 Jan 2016 | 11:59

“Nə qədər ki, Rusiyanın yanındayıq, bizə kimsə kömək edə bilməyəcək”

Son vaxtlar Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylər müşahidə edilməkdədir. Ölkəmizin Pakistan istehsalı olan qırıcılara maraq göstərməsi, bu ölkənin hərbi yetkililərinin Bakıya səfəri və  s. yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qalxa biləcəyindən xəbər verir. Hansı ki, Pakistan kimi hərbi baxımdan kifayət qədər böyük gücə malik dövlətlə münasibətlərin inkişafı müharibə şəraitində olan Azərbaycan üçün heç də az əhəmiyyət kəsb etmir.

Maraqlıdır, Pakistanın Qarabağ məsələsində Azərbaycana göstərəcəyi hərbi yardım Rusiya faktorunu müəyyən qədər neytrallaşdıra, uğurlu müharibə üçün zəmin hazırlaya bilərmi?

Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, Azərbaycanın Rusiyanın yanında olacağı, onunla razılaşdırılmış siyasət yürüdəcəyi təqdirdə nəinki Pakistanın, heç bir dövlətin yardımı Qarabağın azadlığını təmin etməyəcək:

“Məsələ bundadır ki, Pakistan da, bəzi Qərb dövlətləri də Qarabağ məsələsində Azərbaycanın yanında olmağa çalışırlar. Amma Azərbaycan hakimiyyəti Rusiyanın yanındadır. Və nə qədər ki, Azərbaycan hakimiyyəti Rusiyanın yanındadır, onunla qol-qola, qucaq-qucağadır, heç bir müttəfiqin, Azərbaycana yardım etmək istəyən dövlətin səyi bizə kömək etməyəcək. Nə Pakistanın, nə Türkiyənin, nə ABŞ-ın, nə Böyük Britaniyanın yardım istəyi nəyisə dəyişməyəcək”.

Ə.Oruclunun fikrincə, beynəlxalq dəstəyi təmin etmək, bu dəstəyi nəticəyə çevirmək üçün hakimiyyət uğurlu xarici siyasət aparmalı, özünütəcrid mövqeindən imtina etməlidir:

“Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin dəstəklənməsi ilk növbədə Azərbaycan hakimiyyətinin apardığı xarici siyasət kursundan asılıdır. Azərbaycan hakimiyyəti isə bu gün özünü bütün dünyadan təcrid edərək, dünyadan təcrid olunmuş Rusiyanın qoltuğunda gedir. Belə olduğu halda Pakistanın, Türkiyənin, digər dövlətlərin bizə kömək olacağını düşünmək, buna ümid etmək reallıqdan uzaq olmaq deməkdir. Çünki Azərbaycan hakimiyyətinin atdığı bütün addımlar Rusiya ilə razılaşdırılmış addımlardır. Rusiya isə Dağlıq Qarabağın işğalını həyata keçirmiş, onun həllinin uzadılmasını təmin edən, bunda maraqlı olan bir dövlətdir. Bütün gerçək bundan ibarətdir. Hər şey bu qədər sadədir”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər