Son günlər Ukraynada mərkəzi hökumət qüvvələri ilə Rusiyameyilli seperatçılar arasında döyüşlərin gərginləşməsi tərəflər arasında müharibənin ikinci mərhələsinin başlanması ilə bağlı mülahizələrə yol açıb.
Maraqlıdır, Rusiyanın Ukraynada ağır, üzücü müharibə aparması, maddi-əsgəri itkilərə məruz qalması Türkiyə və Azərbaycanın maraqlarına cavab verirmi? Rusiyanın Ukraynadakı itkiləri bu dövləti zəif sala, onun türk dünyasına basqılarını azalda bilərmi? Türkiyə və Azərbaycan türk dünyasının tarixi düşməni Rusiyanı zəiflətmək üçün Ukrayna amilindən istifadə etməlidirmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi analitik Aqil Səmədbəyli hesab edir ki, Ukrayna faktoru Rusiyanı zəiflətmək üçün çox təsirli faktordur və həm Azərbaycan, həm də Türkiyə bu faktoru yetərincə qiymətləndirməyi, daha effektiv nəticəyə nail olmağı bacarmalıdır:
“Rusiyanın uşağı Yanukoviç dədəsi evinə qaçdıqdan sonra məlum oldu ki, Ukraynanın bütün güc strukturlarının başına rus kəşfiyyatının xidmətçilərini yerləşdirib. Bunlar da bilərəkdən dövləti müdafiəsiz qoyublar. Buna görə də Krım və Donetsk bölgəsi işğala məruz qaldı. Donetsk bölgəsini ruslar işğal edərkən Ukraynanın özünümüdafiə dəstələri qəhrəmancasına savaşdılar və rusları ciddi itkilərə məruz qoydular. Əgər yetərli silah və maddi dəstəkləri olsaydı, ruslar əsla işğalı gerçəkləşdirə bilməzdilər.
Poroşenko hakimiyyətə gəldikdən sonra isə Ukrayna ordusunu sürətlə qurmağa başladı. Mən sovet ordusunda iki il olmuş canlı şahid kimi əminliklə deyə bilərəm ki, ukraynalılar ruslardan çox savaşçı millətdir.
Ukrayna prezidenti boş-boşuna demir ki, bir il sonra Donetsk bölgəsini işğaldan azad edəcəyik. Mən buna tam əminəm. Ona görə ki, Rusiya düşüşdə, tənəzzüldə, Ukrayna yüksəlişdədir. Türkiyə də, Azərbaycan da Ukrayna ilə çox yaxın əlaqə qurmalıdırlar. Bu, hər üç ölkənin xeyrinədir. Faktiki olaraq iki ölkənin torpaqlarını işğal edib, Türkiyənin yanında Türkmənelində qardaşlarımızın başına bomba yağdırması da, əslində həm də Türkiyəyə olan düşmənçiliyinin təzahürüdür.
Ukrayna Donets bölgəsini işğaldan azad etməyə başlayanda. Paralel olaraq Azərbaycan da Qarabağı işğaldan azad etmək üçün əməliyyata başlamalıdır. Türkiyə də hər iki ölkəyə dəstək verməlidir. Bir il sonra Rusiya kifayət qədər zəifləmiş, iki cəbhədə eyni vaxtda müharibə aparmağa imkanı olmayan bir ölkəyə çevriləcək. O zaman işğaldan qurtulmaq üçün ən gözəl fürsət olacaq.
Rusiyanın zəiflədiyini görən Ermənistan gəmini ilk tərk edən ölkə olacaq. Onlar heç vaxt batan gəmidə qalmayıblar.
Rusiyanın zəifləməsi birinci növbədə birbaşa Azərbaycana, Ukraynaya, Türkmənelinə, Gürcüstana sərfəlidir. Zəif Rusiya nə Suriyada, nə İraqda, nə Suriyada, nə Yunanıstanda, nə Ermənistanda hərbi hissələr saxlaya bilməyəcək”.
Seymur Əliyev