Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda” Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Bu barədə telekanalın saytında yanvarın 28-də yerləşdirilən reportajda bəhs olunub.
Maraqlıdır, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi telekanalında yer alan bu informasiyanı Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olarmı? Azərbaycan XİN-i bununla bağlı Rusiyaya öz etirazını bildirməlidirmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Sabir Rüstəmxanlı bunu Rusiyanın rəsmi mövqeyi kimi dəyərləndirməyin yanlış olduğunu vurğulayıb:
“Buna Azərbaycan XİN və ya Prezident Administrasiyası səviyyəsində öz etirazını bildirə bilər. Amma bunu Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olmaz. Çünki Rusiya Azərbaycanın torpaq bütünlüyünü tanıyıb, Dağlıq Qarabağı Azərbaycanın bir parçası kimi qəbul edir. 30 ildir ki, bütün dünya bunu qəbul edib. Bu baxımdan heç nə dəyişilməyib. BMT-nin məlum qətnamələri var ki, bu qətnamələrdə də Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi qeyd olunub. Erməni işğalçılarının bu torpaqlardan çıxması tələb olunub. Zaman ermənilərin işğalçı statusunu təmizləmir, buna bəraət vermir. Onlar bu torpaqlardan çıxmalıdır.
Rusiyanın həm rəsmi, həm də sahə televiziyalarıdna çoxlu sayda erməni işləyir. Moskvadakı əksər kinoteatrlar, kino studiyaları ermənilərin əlindədir. Onlar hər vasitə ilə Azərbaycana ləkə yaxmağa çalışır. Təəssüflər olsun ki, bizlər bazara qaçmışıq. Onlar isə təbliğat mexanizmlərini ələ almaq haqqında fikirləşiblər. Onlar Rusiyanın, rus ziyalılarının xəbəri olmadan Azərbaycanı əleyhinə işləyirlər. Biz isə bunu Rusiyanın mövqeyi kimi qəbul edirik. Bu, Rusiyanın deyil, ayrı-ayrı şəxlərin mövqeyidir”.
Seymur Əliyev