Fevralın 18-də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Maraqlıdır, Ərdoğanın Bakı səfərinin arxasında hansı məqsədlər dayanır? Bu səfər Azərbaycana nə verəcək?
Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Ərdoğanın Bakı səfərindən ciddi mənada bir fayda əldə ediləcəyinə inanmadığını vurğuladı:
“Ərdoğanın Bakı səfərinin önəm və əhəmiyyətini anlamaq, bu səfərin hansı nəticələrə səbəb olacağını bilmək üçün öncə onun səfər proqramı ilə tanış olmaq lazımdır. Bunu bilmədən konkret nə isə demək çətindir. Hesab edirəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafı və genişləndirilməsini nəzərədə tutan, habelə enerji nəqli ilə bağlı məsələləri əhatə edəcək.
Ərdoğan Putinlə qardaş münasibətləri saxlayan zaman ölkəmiz, onun maraqları baxımından heç nə etmədi. Indiki məqamda onun Azərbaycan üçün hansısa xeyirə vəsilə olacağı ağlabatan deyil. Bunun mümkün tərəfi də görünmür”.
E.Mehdiyevin sözlərinə görə, Azərbaycan tərəfinin Türkiyə ilə həmrəylik sərgiləməsinin ölkəmiz üçün riskli olduğu və bu cür addımların Rusiyanı ölkəmizə qarşı təhrik edə biləcəyi ilə bağlı səslənən fikirləri əsaslı hesab edir:
“Azərbaycanın Rusiya-Türkiyə gərginliyi fonunda Türkiyəyə açıq və ardıcıl dəstək verməsinin, bu yöndə mütəmadi bəyanatlar səsləndirməsinin Rusiyanı Azərbaycana dəvət etmək anlamına gəldiyi qənaətini bölüşürəm. Ona görə ki, Rusiya buradadır, Türkiyə isə kənardadır. Yəni Rusiya bu gün də istənilən məsələyə təsir göstərmək iqtidarındadır. Türkiyə isə kənar müşahidəçi olaraq qalır”.
Seymur Əliyev