Moderator.az xəbər verir ki, Azərbaycan Ziyalılar Birliyinin Lənkəran nümayəndəliyinin sədri İltifat Rahimzadə maraqlı təkliflə çıxış edib. Belə ki, İ.Rahimzadə ictimaiyyəti rüşvətxor şəxslərə salam verməməyə, onları bu yolla boykot etməyə səsləyib:
“Dövrü qədimdən cəmiyyətdə birgə yaşayış normalarını pozan, mənəviyyat və əxlaq etiketinə riayyət etməyənlərə qarşı cəmiyyətin sanksiya tətbiq etmə hüququ mövcud idi. Bu sanksya ictimai qınaq formasında tətbiq olunurdu. İctimai qınaq hər hansı hüquqi, inzibati və fiziki cəza tətbiqindən daha effektiv təsirə malik olmuşdu. Oğurluq, binamusluq, rüşvətxorluq, rəiyyətin malına göz dikmək, haramlıq, şər-böhtan atmaq, yalançılıq, yalançı şahidlik,fahişəlik və digər insanlıq kodeksinə zidd əməllərin sahibi olan şəxslərə salam verməmək, onların xeyir-şərinə getməmək, onlarla oturub-durmamaq, qız alıb-verməmək, qohumluqdan imtina kimi sanksiyalar cəmiyyətin əxlaqi tarazlığının qorunmasına xidmət məqsədi güdürdü. Bəs müasir dövrümüzdə dədə-babalarımızın bu praktikasından istifadə olunurmu? Təəssüf ki, YOX!
İndi demək olar ki, hər gün yuxarıda qeyd etdiyimiz amaral xüsusiyyətlərin daşıyıcısı olanlara "xüsusi bir hörmət və təzim"-in şahidi və iştirakçıları oluruq. Bu qəbildən olanlar hüzr məclisinə girərkən mollanın, toy məclisinə daxil olarkən müqənninin təzimi ilə qarşılanır. Onlarla ikiəlli qoruşməkdən "qürur" duyanlar, qohumluq və dostluqları ilə "fəxr" edənlər birmi, ikimi? "Pulu var, vəzifəsi var, kişi adamdır! Adam yaşamağı bacarır!" ifadələrini azmı eşidirik? Cəmiyyətin bu neqativlərə tolerant və biganə münasibəti pəjmurdəçılık yaratmaqla gələcəkdə də əxlaq və mənəviyyat əlilliyinin epidemik formada yayılmasına kömək edəcəkdir Dədə-babalarımızın əsrlərlə və uğurla sınaqdan keçirdikləri İCTİMAİ QINAQ "insitutu"-na bu günkü cəmiyyətin ehtiyacı böyükdür! ÇOX BÖYÜKDÜR!”
Seymur Əliyev