ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında ölkə banklarını ifşa edən maraqlı fikirlər səsləndirib. S.Cəlaloğlu bankların problemli kreditlər səbəbi ilə ziyanda olmadığını, əksinə öz xeyirlərini artıqlaması ilə götürdüklərini bildirib:
“Azərbaycanda dövlət
problemli kreditlərlə bağlı vətəndaşlara güzəştə getmək istəmir. Halbuki, Qırğızıstan
qədər kasıb bir dövlətdə 40 min manata qədər olan kreditlrə dövlət tərəfindən
bağışlanıb. Qazaxıstanda, Rusiyada da krediti olan insanlarla bağlı oxşar
formada bir sıra addımlar atdılar. Azərbaycanda banklar kreditləri şişirdilmiş
faizlərlə verir. Milli Bankdan 4-5%-ə pul alırdılar. Onu 25-25%-lə insanlara
verirdilər. Onsuz da banklar problemli kreditlərdən on dəfə artıq pul çıxardıb.
Bu, amil nəzərə alınmalıdır.
Ikincisi, nəzərə almaq
lazımdır ki, vətəndaşlar böhrana düşüb. Hər hansı bir müəssisə özünü defolt elan
edəndə onun bütün kreditləri, faizləri dayandırılır. Vətəndaş iflasa uğrayıb.
Belə olan halda ondan necə əvvəlki qaydada faiz ala bilərsən? Necə olur ki,
böyük bir müəssisə iflas edəndə onun borcları dərhal dayandırılır, amma vətəndaş
iflasa düşəndə dayandırılmır?
Devalvasiyadan sonra faiz
məsələsi ləğv edilməlidir. Kreditlərin
müddəti uzadılmalıdır. Faizi də aşağı endirilməlidir. Nəyə görə hər hansı bir bank Milli Bankdan 5%-ə aldığı
pulu mənə 25-30%-ə verməlidir? Onu vətəndaşa 12%-ə versə, vətəndaş da bunu qaytarmaq
iqtidarında olar. Əgər banklar bu pulların geri qaytarılmasını istəyirsə, qeyd
etdiyim dəyişiklilərə getməlidir. Vətəndaşın evini, maşınını əlindən almaq
çıxış yolu deyil. Bu, yeni problemlər doğurur”.
Seymur Əliyev