Moderator.az xəbər verir ki, dünən 3 saylı “Asan xidmət” mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin media nümayəndələri arasında elan etdiyi “Əsgərə məktublar” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev keçirilən müsabiqənin önəminə diqqət çəkib, vətənpərbərlik əhval-ruhiyyəsinin daim yüksək səviyyədə olmasının əhəmiyyətini vurğulayıb.
Z.Abdullayevdən sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev çıxış edib.
Tədbirin sonunda müsabiqədə qalib gələn media nümayəndələri mükafatlandırılıb. Təltif olunanlar arasında Moderator.az-ın əməkdaşı Seymur Əliyev də olub.
Qeyd edək ki, müsabiqədə 50-ə qədər jurnalist iştirak edib və onların 13-ü mükafata layiq görülüb.