ABŞ-ın dövlət katibi Con Kerri Rusiya, İran və Əsəd qüvvələrini təhdid edən maraqlı açıqlama ilə çıxış edib. C.Kerri qeyd edib ki, əgər bu qüvvələr bombardmanları dayandırmasa, o zaman ABŞ Suriyaya quru qoşunları vasitəsi ilə müdaxilə edə bilər.
Maraqlıdır, Rusiya ilə hər zaman açıq hərbi qarşıdurmadan qaçan ABŞ-ın Suriyaya əsgəri müdaxiləsi mümkündürmü? Yoxsa bu açıqlama sadəcə Rusiya və İranı qorxutmağa, onlara psixoloji təzyiq göstərməyə hesablanıb?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Hikmət Hacızadə ABŞ-ın hərbi müdaxiləsinin tamamilə mümkün olduğunu vurğulayıb:
“Amerika quru qoşunlarının Suriyaya müdaxiləsi tamamilə mümkündür. Bunu qeyri-mümkün hesab etmək üçün heç bir əsas yoxdur. Necə olur ki, Rusiya və İran Suriyaya müdaxilə edə bilir, amma ABŞ yox? ABŞ da, NATO da Suriyaya hərbi müdaxilə edə bilər. Türkiyə, Səudiyyə Ərəbistanı kimi dövlətlərin də bu müdaxilədə yer alması mümkündür. Odur ki, C.Kerrinin məlum açıqlamasını tamamilə ciddi bəyanat hesab edirəm”.
Seymur Əliyev