Gəncə şəhər sakinləri Moderator.az vasitəsi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edib. Müraciətdə deyilir:
“Bəlli bir müddətdir ki, Gəncə şəhərində nəqliyyatın sıxlığı müşahidə edilməkdədir. Buna səbəb Şəmkir-Qazax-Qrmızı körpü istiqamətində hərəkət edən, ölkə paytaxtına sərnişin daşımaqla məşğul olan avtobus və spirinterlərin “çöl yolu” adlandırılan şəhərətrafı yoldan istifadə etməməsidir. Paytaxta sərnişin daşıyan və əks istiqamətdə hərəkət edən bu nəqliyyat vasitələri Gəncə şəhərindəki mərkəzi yola girərək şəhərin içərisində tıxaclar yaradır, şəhər nəqliyyatının hərəkətinə əngəl törədirlər. Hansı ki, bu avtobusların şəhərin mərkəzinə girməsinə ehtiyac yoxdur və onlar şəhərətrafı yoldan istifadə edərək də fəaliyyət göstərə bilərlər. Sözügedən avtobusların şəhərətrafı yoldan istifadəsi həm sərnişinlərin mənzil başına daha tez çatdırılmasını, həm də tıxacların aradan qaldırılmasını təmin edə bilər.
Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Murad Səttarovun fəaliyyətindən çox razıyıq. M.Səttarov şəhər nəqliyyatında bir çox problemin mərhələli şəkildə həllinə nail olub. Problemlərin uğurla həlli şəhər ictimaiyyəti tərəfindən təqdir edilməkdə, razılıqla qarşılanmaqdadır. Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən avtobusların Gəncəyə girişinə son qoyularsa, bu, şəhərdə tıxac problemini həll edər ki, nəticədə şəhər nəqliyyatının normal fəaliyyəti təmin olunar.
Odur ki, sizdən məlum problemin həllinə yardım göstərməyinizi, bu istiqamətdə lazımi göstərişlərinizi verməyi xahiş edirik. Ümid edirik ki, müraciətimizə həssaslıqla yanaşılacaq və şəhər nəqliyyatının yüksək səviyyədə fəaliyyəti təmin ediləcək”.