Xəbər verdiyimiz kimi, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov dünən saat 12:00 radələrində növbəti dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Moderator.az istintaqa dünənki çağırışın nə ilə bağlı olduğunu öyrənmək üçün R.Səfərovla əlaqə saxlayıb.
Danışmamaq haqqında iltizam verdiyini bildirən R.Səfərov məhz bu səbəbdən sualımıza cavab verə bilməyəcəyini qeyd edib. Sabiq müstəntiq sadəcə yalançı üzəduranlardan biri ilə üzləşdiyini vurğulamaqla kifayətlənib:
“Bildiyiniz kimi, istintaq prosesi ilə əlaqədar danışmamaqla bağlı iltizam vermişəm və bu səbəbdən də sizin sualınızı cavablandıra bilməyəcəm. Lakin media və ictimaiyyətin bu məsələyə olan diqqətini nəzərə alaraq, sadəcə bunu deyə bilərəm ki, dünənki istintaq zamanı növbəti üzə duranlardan biri qarşımda uşaq kimi, hönkür-hönkür ağladı”.
R.Səfərov həmin şəxsin kimliyi ilə bağlı sualımıza da aydınlıq gətirməkdən imtina etdi.
Seymur Əliyev