İqtisadçı ekspert Elçin Qurbanov hökumətin antiböhran tədbirləri barədə məqalə yazıb. Məqalədə həyata keçirilən iqtisadi islahatların ləng aparıldığını nəzərə çatdıran ekspert bir sıra səmərəli təkliflər də irəli sürüb.
Elçin Qurbanovun mülahizələrini Moderator.az oxucularına təqdim edirik:
"Proqnozlaşdırılan iqtisadi böhran və hökumətin
qabaqlayıcı antiböhran layihəsinin olmaması cəmiyyətdə haqlı narahatlıq
doğurur. İqtisadiyyatın neft amilindən asılılığı bu xammalın ixracının da dünya
iqtisadi imperiyasının iradəsi ilə tənzimləndiyi həmişəki kimi real fakt olaraq qalmaqdadır.
Azərbaycan qəbul etməlidir ki, bazarın
sementasiya elementlərindən sayılan davamlılıq indiki dövrdə etibarlı deyil.
Artıq iqtisadi maraqlardan daha ön planda dayanan siyasi maraqlar xalqların
taleyini həll edir. Ölkədə çox ləng, həmçinin qeyri-peşəkar səviyyədə həyata
keçirilən islahatların mahiyyətində yersiz arxayınlıq və hərəkətsizlik müşahidə
olunur. İsrafçılığın qarşısı yetərincə alına bilmir. Heç bir xəbərdarlıq sanki
iqtidar sahiblərini yuxudan oyandırmaq gücündə deyil. Əksinə, zaman keçdikcə
yuxu daha da dərinləşir.
Halbuki, Azərbaycan qeyri-neft resursları ilə
də zəngindir. Amma investisiya mühiti əlverişli olmadığından bu mühit nə
xarici, nə də yerli investorların maraqlarını stimullaşdırmır , əksinə,
bürokratiya və monopoliya yaradır. Reallıq
onu göstərir ki, hökumət ölkədən
valyuta çıxışını maksimum səviyyədə qarşısını almaqla iqtisadi sabitliyə nail
olmaq istəyir. Fəqət belə xəstə proteksionizm prinsiplərinin təcəssümü ölkədə
iqtisadi aktivliyi və məcmu tələbi kəskin şəkildə azaldır. Bu neoklassik
iqtisadi tədbir forması yalnız milli
istehsalın hesabına dövlət xəzinəsinə daxilolmalar artdığına görə dövlət onun
inkişaf etməsində maraqlı olmağa və milli istehsalı xarici rəqabətdən qorumaq məqsədilə
həyata keçirə bilər.
Eyni zamanda paralel olaraq istehsalı
subsidiyalaşdırmaq başlıca hədəflərdən biri kimi qəbul olunur. Razılaşmaq olar
ki, homogen məhsulların istehsalında tələb indeksini aşan əmtəə növlərinin
idxalının məhdudlaşdırılması mümkündür. Amma yerli istehsal tələbi ödəmirsə, yaradılan məhdudiyyət
inhisarçılıq institutunu təkmilləşdirir. Bu gün minlərlə sahibkarlar demək olar
ki, fəaliyyətsizdirlər. Gömrük məhdudiyyətləri ( rüsum və vergiləri) zəruri
idxalı da tamamilə iflic edib. Tələb və təklif arasında ciddi zidiyyətlər
yaranıb.
Xatırladım ki, Gömrük tarifi haqqında Azərbaycan
Respublikası Qanununun Maddə 6. (Xüsusi, antidempinq və kompensasiya rüsumları)
; 6.2.1. bəndində; mallar gömrük ərazisinə eyni malların yerli istehsalçılarına
ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildikdə,
müdafiə tədbiri kimi tətbiq oluna bilər. Nəzərə alsaq ki, yerli istehsal
istehlak ehtiyaclarını qarşılamır, onda süni qiymət artımı və inhisarçılıq
qaçılmaz olur.
Yuxarıdakıları nəzərə alaraq, təklif edirəm:
Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən rezidentlərə (müəsisələr)
vergi güzəştlərinin tətbiq edilməsi ( Vergi Məcəlləsi: Maddə 127. Xarici
ölkədə ödənilən verginin nəzərə alınması), ixracın stimullaşdırılması üçün
gömrük rəsmiləşdirməsi rüsumundan başqa digər ödənişlərdən tamamilə azad edilməsi,
valyuta təhlükəsizliyinin təminatı məqsədilə idxal əməliyyatlarını həyata keçirən
sahibkarların ixracla paralel əməliyyatlar aparmasının tövsiyə edilməsi və bu
sahədə maarifləndirmə işlərinin
aparılması, mal dövriyyəsində barter üsullarına üstünlük verilməsi kimi
sistemli təşviqat tədbirləri həyata keçirilməlidir.
Hələlik istehsalı və ixracı stimullaşdırmaq əsas hədəflərdən biri
kimi götürülməli, gözlənilən valyuta
böhranının neytrallaşdırılması üçün ixrac və idxalı tarazlaşdıran yeni normalar
müəyyən edilməlidir.
Fins.az Maliyyə Nazirliyinin saytında dərc
olunmuş "Vətəndaşın büdcə bələdçisi" kitabına istinadla bildirdiyi məlumatda
bu il ölkə iqtisadiyyatına 19,9 milyard manat
investisiya yönəldiləcəyi bildirilmişdir. Məlumatda, o da bildirilir ki, daxili investisiyaların ümumi
investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə
65,2 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3 faizinin
qeyri-neft sektoruna yönəldilməsi də proqnozlaşdırılır ki, bu da qeyri-neft
sektorunun inkişafına xidmət edəcək. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard
manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcəyi bildirilir.
Doğrusu, qeyri- neft sektoruna
yönəldiləcək xarici investisiyanın həqiqi mənbələri mənim
üçün çox qaranlıq və maraqlıdır.
Mənə elə
gəlir ki, ölkədən kənarlaşan vəsaitlərin fərqli
formada ölkə iqtisadiyyatına dönüş
prosesi başlayır. Bu da, yəqin ki,
ölkədə həm əlverişli
iqtisadi mühitin , həm də
iqtisadi aktivliyin olması
atmosferini yaratmalıdır.
Amma qaranlıq və yaxud aydın olmasına baxmayaraq
, planlaşdırılan bu tədbirlər pozitiv gözləntilərdir. Hesab edirəm ki, gözləntilər
də planlı, eyni zamanda Azərbaycan ictimaətinə
açıq və şəfaf
şəkildə həyata keçiriləcək.
Elçin Qurbanov"