Dünən qondarma erməni soyqırımının 101-ci anım ildönümü ilə əlaqədar olaraq İrəvandakı soyqırım abidəsi sadəcə ermənilər deyil, bu ölkəyə təşrif gətirən bəzi əcnəbi siyasilər, ziyalılar, kino ulduzları, incəsənət xadimləri tərəfindən də ziyarət olundu. Abidə önünə gül dəstəsi qoyan məşhurlar uydurma soyqırım qurbanları ilə bağlı kədərlərini ifadə edib, “məzlum” erməni xalqı ilə həmrəyliklərini nümayiş etdirdilər. Dünya uydurma qurbanlar, yaşanmayan faciə üçün ağladı.
Bəli, nə qədər qəribə olsa da, çağdaş dünyanın gözləri önündə Xocalı soyqırımı törədən, Qarabağda faşist Almaniyasını belə vəhşətə gətirəcək qətliyamlara imza atan ermənilər, yüz il bundan öncə baş verən olayları bəşəriyyətə soyqırım adı ilə həzm etdirə bilirlər.
Qondarma erməni soyqırımı ilə bağlı iddiaların ayaq açıb yeriməsi gerçəyi erməni yalanına qarşı daha ciddi, daha səmərəli mübarizəni aktuallaşdırır ki, bu mübarizədə Azərbaycanın yaxından iştirakı zəruridir. Bəli, Azərbaycan, eləcə də digər türk dövlətləri qondarma erməni soyqırımı ilə bağlı iddialara sadəcə Türkiyənin problemi kimi baxa bilməz və baxmamalıdır. Çünki bu iddianın arxasında sadəcə Türkiyəni deyil, bütün türk dünyasını cəzalandırmaq, zəif salmaq, onların vəhşi, qəddar obrazının yaradılması məqsədi dayanır. Bundan başqa, ermənilərin qondarma soyqırım məsələsində Türkiyə üzərində əldə etdikləri hər bir qələbə, hər bir siyasi-psixoloji üstünlük Türkiyə ilə yanaşı, bütün türk dünyasının zəiflədilməsi deməkdir ki, Azərbaycanın buna biganə yanaşması yolverilməzdir.
Odur ki, Azərbaycan bu məsələdə öz fəaliyyətini Türkiyə ilə koordinasiyalı şəkildə təşkil etməli, erməni yalanlarının ifşası istiqamətində qəti addımlar atılmalıdır. Hansı ki, bu addımlardan biri kimi, İrəvandakı qondarma soyqırım abidəsini ziyarət edənlərin Azərbaycana gəlişinin yasaqlanması, yaxud ciddi şəkildə məhdudlaşdırılması ola bilər. Bu, erməni soyqırımının tanınmasında çəkindirici amil olmaqla yanaşı, digər xalqların təmsilçilərini daha diqqətli olmağa, soyqırımı ilə bağlı əsl həqiqətləri daha əhatəli şəkildə öyrənməyə vadar edə bilər. Başqa sözlə desək, belə olarsa qondarma soyqırım abidəsini ziyarət etmək istəyən hər kəs bunun müqabilində hansı məhrumiyyət və əngəllərlə üzləşəcəyini qabaqcadan biləcək ki, bu da onların önəmli bir qisminin ziyarət sevdasından imtina etməsinə səbəb olacaq.
Şübhəsiz, İrəvandakı qondarma soyqırım abidəsinin sadəcə sənət adamları deyil, məşhur siyasilər, bəzi dövlət başçıları və nazirlər tərəfindən də ziyarət edildiyini nəzərə alsaq, bu şəxslərə qarşı məlum qadağanın tətbiqinin kifayət qədər müşkül olacağı birmənalıdır. Lakin bütün bu müşküllərə, mürəkkəbliklərə rəğmən Dağlıq Qarabağ rəsmi Bakının icazəsi olmadan səfər edənlərlə yanaşı, qondarma soyqırım abidəsini ziyarət edənlərin də Azərbaycana gəlişinin yasaqlanması məqsədəuyğun olardı. Bu, Azərbaycanın Türkiyə ilə həmrəyliyi, onun haqlı mövqeyinə açıq və birmənalı dəstəyi baxımından da yalnız alqışlana bilər.
Hər halda, bu məsələdə rəsmi Bakının nə isə etməsi vacibdir və bu “nə isə” ermənilərin yalan və təxribat maşınını tormozlayacaq qədər effektli olmalıdır.
Seymur Əliyev
e-mail: [email protected]