Aprelin əvəllərindən etibarən təmas xəttində vəziyyətin gərginləşməsi, düşmən hücumunun dəf edilməsi zamanı verilən itkilər tək övldların cəbhəyə aparılması məsələsini yenidən aktuallaşdırıb. Xatırladaq ki, bu məsələ bir neçə dəfə ictimai müzakirəyə çxıarılsa da, hələ də bununla bağlı qəti, birmənalı, oturuşmuş fikir mövcud deyil. Belə ki, ictimai-siyasi xadimlərin bir çoxu hesab edir ki, ailələrin tək övladlarının ön xəttə aparılması doğru deyil. Belə ki, bu qəbildən olan hərbçilər şəhid oldquları zaman onların yoxluğu həmin ailələri yeganə təsəllidən də məhrum edir və həmin valideynlərin yaşam ümidi tamamilə ortadan qalxır. Bu səbəbdən də bu qəbildən olan siyasilər tək övladların ön xəttə deyil, digər hərbi hissələrdə xidmətə cəlb edilməsini daha zəruri hesab edir.
Lakin bununla belə bəzi
millət vəkilləri və siyasilər bu məsələdə hər hansı bölgü aparmağın doğru
olmadığı qənaətindədir.
Millət vəkili Elman Məmmədov
Moderator.az-a açıqlamasında tək övladlı ailələrdən olan çağırışçıların ön xətdə
xidmətinə yasaq qoyulmasının düzgün olmayacağını vurğuladı:
“Mənə elə gəlir ki, istər
ailədə tək övlad olsun, istər bir neçə övlad olsun, burda ayrı-seçkiliyə yol
vermək olmaz. Azərbaycan vətəndaşı hərbi xidmətini keçməlidir. Harda keçəcək,
ön cəbhədə, yoxsa arxa cəbhədə olacaq, bunu çağırış zamanı ola bilsin ki, müəyyən
qədər qeyri-rəsmi şəkildə nəzərə alsınlar. Lakin biz rəsmi şəkildə elə bir
qadağa qoysaq ki, kim tək övladdırsa, o, hərbi xidmətə aparılmasın və ya ön xəttə
göndərilməsin, o zaman başqa məsələlər də meydana çıxa bilər. Onsuz da cəmiyyət
elə bir vəziyyətə gəlibdir ki, çoxuşaqlılıq daha yoxdur. İndi əksər ailələrdə
ya bir, ya da iki uşaq var.
Rəsmi şəkildə belə bir
qadağa qəbul edilsə, o zaman belə bir qorxulu tendensiya meydana çıxar ki, bəzi
şəxslər övladını hərbi xidmətdən azad etmək üçün uşaqların sayının bir
olmasında maraqlı olar. Düşünə bilər ki, qoy elə uşaqların sayı bir olsun, gələcəkdə
hərbi xidmətdən azad olsun.
Bir daha deyirəm ki, hər
kəs hərbi borcunu verməlidir. İstər ön, istərsə də arxa cəbhədə - harda
olmasından asılı olmayaraq, öz borcunu yerinə yetirməlidir. Ola bilsin ki, tək
övlad məsələsi müəyyən şərtlər daxilində qeyri-rəsmi şəkildə bəlkə də nəzərə
alınır.
Bunu da qeyd edək ki, bəzən
insanlarda vətənə xidmət etmək, onun keşiyində durmaq, onun uğrunda vuruşmaq
hissi çox güclü olur və onlar heç nəyə baxmadan hərb peşəsinə maraq göstərir. Azərbaycan
rayonları içərisində ən çox şəhid verən rayonlardan biri Xocalıdır. Xocalıda
insanlar soyqırımına məruz qalıb. Orda insanların çoxu öz atasının, anasının
üzünü 1-2 yaşları olanda görübər, onların simasını belə xatırlaya bilmirlər.
Lakin onlar ön xəttə can atırlar. Həqiqi hərbi xidmətə çağırılanlardan əlavə,
Xocalı sakinlərindən müqavilə əsnasında Silahlı Qüvvələrdə 300-dən çox insan
xidmət edir. Onların hamısı ön xətdə döyüşlərdədir. Bu yaxınlarda onların biri
şəhid oldu. Bu baxımdan düşünürəm ki, bu məsələdə vətən sevgisi, düşməndən
qisas almaq arzusu daha həlledicidir”.
Seymur Əliyev