Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində aktiv hərbi toqquşmaların davam etməsi, erməni qoşunlarının yaşayış massivlərini atəşə tutması düşmənin atəş məsafəsində yerləşən mülki əhalinin təhlükəsizlik məsələsinin aktuallığını artırmaqdadır. Vətəndaşların bəzisi hesab edir ki, mülki şəxsləri düşmənin atəş zərbəsi altında saxlamaq insanları boş yerə qurban verməkdən başqa bir şey deyil.
Sözügedən
problem mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların
arxaya köçürülməsi məsələsini gündəmə gətirib ki, ictimai-siyasi və hərbi
ekspertlərin heç də hamısı bunu məqbul hesab etmir.
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov
mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar
atmağın vacibliyini qeyd etsə də, əhalinin köçürülməsinin yolverilməz olduğunu
vurğuladı:
“İstənilən müharibədə mülki vətəndaşların
təhlükəsizliyi önəmli məsələdir. Bu, həmçinin beyəlxalq konvensiyalarda öz əksini
tapır. Hətta əgər mülki vətəndaşlara qarşı qətl və ya cəza törədilərsə, o zaman
bu, cinayət xarakteri əməl hesab olunur ki, bu da beynəlxalq məhkəməyə qədər gedib
çıxan bir məsələdir. Biz tarixdə bu kimi hallara çox rast gəlmişik. Dağlıq
Qarabağ məsələsi isə bu olaylardan tam fərqlidir. Birincisi, ona görə ki, biz
işğala məruz qalan tərəfik. Dağlıq Qarabağ və ətraf rayonlar əzəli və əbədi Azərbaycan
torpaqlarıdır və bu, heç zaman dəyişilməyəcək. Məsələnin ikinci tərəfi, məhz
BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyün
tanıyır və qəbul edir. Deməli, burada baş verən bütün proseslərlə bağlı biz
beynəlxalq ictimaiyyəti hər dəfə geniş şəkildə bilgiləndirməliyik. Mülki şəxslərə
qarşı edilən təcavüzü və onların hər an atəş altında qalması kimi məsələlərə
diqqət çəkməliyik.
Həmin
yaşayış yerlərində məskunlaşan insanların ordan köçürülməsi isə tam şəkildə
yanlış olardı. Onların təhlükəsizliyinin qorunması şərtiylə məhz əhalinin orada
yaşaması mütləqdir. Qələbəyə daha yaxın olmaq üçün mülki əhalinin oradakı
mövcudluğu istər ordu, istərsə də arxa cəbhə üçün psixoloji dəstək baxımından
önəmlidir. Biz bu psixoloji durumu güclü təbliğata və ya belə desək
ideologiyaya çevirsək, o zaman müharibəyə daxil olmadan cəbhədə daha bir qələbəni
əldə etmiş olarıq.
Bu
proses olduqca önəmlidir. Düşünürəm ki, Müdafiə Nazirliyi və Dövlət Təhülkəsizlik
Xidməti bu sferada iş görəcəklər.
Bu
prosesə mülki insanların qruban verilməsi kimi baxmaq düzgün deyil. Dövlət
insanları heç zaman qurban verməz, lakin qruban olduqlarını isbat edə bilər.
Bunun üçün gərək bütün KİV-lər bu məsələdə bir yumruq tək birləşsinlər. Əks
halda cəbhədə baş verən hadisələri sadəcə izləməklə kifayətlənəcəyik!”
Seymur
Əliyev