Moderator.az xəbər verir ki ,Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “İslam dünyası və Qarabağ: yeni çağırışlar” mövzusunda Dəyirmi Masa keçirilib. QAT sədri Akif Nağının giriş sözündən sonra tanınmış ictimai, siyasi xadimlər Hacı İlqar İbrahimoğlu, Hacı İlham Əliyev, Mübariz Əhmədoğlu, Əvəz Həsənov, Radə Abbas, Hacı Növrəstə İbrahimova, Hacı Tahir Abbaslı, Fikrət Sadıqov, Ramazan Hüseynov, Tural Abbaslı, Hacı Rövşən Əhmədli, Tahirə Məmmədova, Nəsimi Qarabağlı və digərləri çıxış edərək məsələ ilə bağlı fikirlərini səsləndirib, təkliflərini veriblər. Sonda Dəyirmi Masa iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda göstərilir:
“Cəbhə bölgəsindəki son aprel döyüşlərindən sonra Dağlıq Qarabağ
münaqişəsinin həlli yolları, Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin
aradan qaldırılmasına dair ciddi nəticələrin çıxarılmasına, mövqelərin dəqiqləşdirilməsinə
ehtiyac yaranıb. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, düşməni
darmadağın etmək qüdrətini, cəmiyyətin ruh yüksəkliyini, Qarabağ naminə bütün
məhrumiyyətlərə və fədakarlığa hazır olduğunu göstərdi. Bu döyüşlər dünya
birliyinin məsələyə münasibətinin anlaşılması baxımından da əhəmiyyətli oldu.
Beynəlxalq təşkilatlar, Qərb dövlətləri yenə də məsələyə obyektiv mövqedən
yanaşmaq istəmədilər. Rusiya Ermənistanın tərəfində olduğunu bir daha nümayiş
etdirdi. Azərbaycanın yalnız islam dövlətlərindən real dəstək ala biləcəyi
aydın şəkildə göründü. İran,Türkiyə və Pakistan Azərbaycana birmənalı dəstək
verdi. Qazaxıstan və digər Orta Asiya respublikaları Azərbaycana rəğbətlərini
nümayiş etdirdilər. Digər islam ölkələri də Azərbaycana xoş münasibətlərini
gizlətmədilər. İslam Əməkdaşlıq Təşkilatının Türkiyənin İstanbul şəhərində
dövlət başçılarının iştirakı ilə keçirilən XIII Sammitində ( 14 aprel 2016-cı
il) Azərbaycanın haqlı mövqeyi növbəti dəfə dəstəklənib və ilk dəfə Dağlıq
Qarabağ münaqişəsinin həllinə müdaxilə baxımından praktiki addım atılıb-Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan
torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi üçün
hərbi yolu seçməli, öz gücünə arxalanmalıdır. Azərbaycan mümkün hərbi-siyasi
dəstəyi yalnız müsəlman dövlətlərindən gözləyə bilər. Hərbi əməliyyatlar
başlayana qədərki dövrdə danışıqlar davam etdirilsə, Azərbaycan danışıqlar
prosesində islam dövlətlərinin paritet əsasında, yəni neçə xristian dövləti
iştirak edərsə, o qədər də müsəlman dövlətlərinin iştirakını şərt olaraq irəli
sürməlidir.
Biz hesab edirik ki, Qarabağın işğaldan azadlığı yuxarıda irəli
sürülən şərtlər daxilində mümkündür. Azərbaycan artıq öz seçimini etməli,
genişmiqyaslı hərbi əməliyyatlara, azadlıq müharibəsinə start verməlidir.
Həddindən artıq çox vaxt keçib. Qərar verib, siyasi iradə göstərib, real hərəkətə
keçməyin vaxtı çoxdan çatıb”.