Məlum olduğu kimi, Ermənistan hökuməti və parlamenti qondarma Dağlıq Qarabağ Respublikasının müstəqil dövlət kimi tanınmasından imtina edib.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bunun gözlənilən
bir addım olduğunu vurğulayıb. Millət vəkilinin sözlərinə görə, Ermənistanın
bundan sonrakı təhdidləri də eyniylə bu cür rüsvayçılıqla yekunlaşacaq:
“Azərbaycan ordusunun 2-5
aprel tarixində apardığı hərbi əməliyyatlar Ermənistanın qalib mifini dağıtdı.
Ermənistanın yerini göstərdi. Bu gün Ermənistan rəhbərliyi bir tərəfdən düşdüyü
ağır vəziyyətdən çıxış yolu axtarır, digər tərəfdən isə cəmiyyətdə hələ də bir
qüvvə olduğu ilə bağlı təəssürat yaratmağa çalışır. Buna görə də onun atdığı
addımlar ziddiyyət təşkil edir. Həmçinin, paralel olaraq Azərbaycana siyasi təzyiq
göstərməyə çalışır.
Hamıya aydındır ki, Ermənistan
heç zaman Qarabağdakı rejimi müstəqil dövlət kimi tanımayacaq. Buna onun siyasi
cəsarəti çatmaz. Bununla Ermənistan özünü ifşa etmiş olar və Azərbaycanın
danışıqlardan çıxmasına səbəb ola, birbaşa hərbi əməliyyatlar aparmaq üçün
yolunu açar. Ermənistan asılı olduğu xaricdəki dairələrlə də bu məsələni
razılaşdırmamışdı. Buna görə də Ermənistanın geri çəkilməsi gözlənilən idi.
Ermənistanın Azərbaycana təzyiq
məqsədi ilə atacağı addımların hamısının sonu bu cür biabırçılıqla qurtaracaq”.
Seymur Əliyev