Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) “Azİmport” MMC-ni məhkəməyə verməsi barədə yayılan məlumatlar doğrudur. Amma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi partiyanın şirkətə qarşı qaldırdığı iddianı rədd edib. Mayın 12-də isə Bakı Apellyasiya Məhkəməsi partiyanın apellyasiya şikayətini araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Koordinat.az xəbər verir ki, “Azİmport” MMC-nin
İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda belə deyilir. Məhkəmə baxışı
zamanı müəyyən edilib ki, AMİP-in “ofis” adlandırdığı, “Bakı şəhəri, Səbail
rayonu, Xanlar küçəsi, 8” ünvanında yerləşən bina onun həqiqi mülkiyyətçisi ilə
müvafiq qanunvericilik çərçivəsində razılaşdırılaraq, paytaxtda aparılan təmir-abadlıq
işləri ilə əlaqədar 2013-cü ildə sökülüb. Partiyanın həmin binanın sahibi ilə bağladığı icarə
müqaviləsinin müddəti isə 2012-ci ilin sonunda bitib. Beləliklə, AMİP bu obyektə
münasibətdə qanuni tərəf olmadığından şirkətin bina ilə əlaqədar partiyaya hər
hansı xəbərdarlıq etməməsi barədə iddia da əssasızdır.
"AMİP-in funksionerlərinin qanunvericiliyin tələblərindən xəbərsiz
olduqlarını deyə bilmərik. Lakin görünür, onlar son dövrdə “Az İmport” MMC-nin ətrafında
süni şəkildə yaradılan ajiotajdan yararlanaraq, öz “maliyyə problemlərini” şirkətin
hesabına həll etmək fikrinə düşübmüşlər. Yoxsa belə qeyri-ciddi iddia ilə məhkəmələrin
və iş adamlarının vaxtını almağa cəhd göstərməzdilər" - deyə, “Azİmport”
MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsi bəyan edir.