KXCP rus qoşunlarının Azərbaycandan çıxarıldığı 25 may tarixinin bayram kimi qeyd olunması təklifi ilə çıxış edib.
Maraqlıdır, partiyanın bu
təklifinə hakimiyyətdən hər hansı reaksiya gəlibmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hələ ki, hakim
düşərgədən təkliflə bağlı mövqe ortaya qoyulmadığını bildirib. Lakin bununla
belə partiya sədri, rus qoşunlarının Azərbaycandan çıxarıldığı tarixin bayram
kimi qeyd edilməsinin vacib olduğunu vurğulayıb:
“Bu təklifi hansı
hakimiyyət olursa-olsun, qəbul etməyə borcludur. Bu gün biz diplomatik mübarizədə
uduzuruq. Bu bir faktdır. Azərbaycan döyüşçüsünün əldə etdiyi son qələbələri şəhidlərimizi
təntənəli surətdə dəfn edəndən sonra, diplomatik mübarizədə dəfn elədik.
Bu gün rus qoşunlarının
Azərbaycandan çıxarılmasının rəsmi şəkildə qeyd olunmasına ciddi ehtiyac var.
Erməni fitnə-fəsadı, Qarabağ problemi yeni problem deyil. Bu, çar Rusiyası
zamanında da, sovet Rusiyası dönəmində də özünü göstərib. Ermənistan adlı dövləti
quran da, onu bizə qarşı yönləndirən də Rusiya olub. Azərbaycan Xalq Cümhuriyyəti
zamanında da Qarabağda “Daşnaksütun” terror təşkilatı fəaliyyət göstərib. Ermənilərin
aəzrbaycanlılara qarşı qırğınlar, qətillər törədib. Azərbaycanın ikinci müstəqillik
dönəmində də Rusiya növbəti dəfə Qarabağ
problemini yaratdı. Ruslar gec partlayan bu minanı ölkəmizdə basdırıb gediblər.
Biz bu problemi həll etmək istəyiriksə, bu addımlardan biri kimi 25 may
tarixini Azərbaycandan rus qoşunlarının çıxarılması günü kimi qeyd etməliyik. Bu,
milli bayram, dövlət bayramı olmalıdır.
200 il ərzində rus
qoşunlaırnın Azərbaycandan çıxarılması bütün nəsillərin arzusu olub. Bu arzu
yalnız 1993-cü ildə reallaşıb. II Cahan savaşından sonra Şərqi Avroada, eləcə də
Almaniyada möhkəmlənən rus qoşunlarının sonrakı dönəmlərdə bu ərazilərdən
çıxması, Almaniyanın birləşdirilməsi nə qədər önəmlidirsə, Azərbaycandan rus
qoşunlarının çxıarılması da bir o qədər önəmlidir. Biz bunu qansız-qadasız eləmişik.
Gürcüstanın hansı vəziyyətdə olduğu, rus qoşunlarının Emənistandakı mövcudluğu
hər kəsə bəllidir.
Bu hökumət bunu qeyd etməsə
də, növbəti hökumət bunu hökmən qeyd edəcək.
Azərbaycan hakimiyyətindən
bu təklifə hələ ki, heç bir reaksiya yoxdur. Biz bu məsələ ilə bağlı hansısa
millət vəkilinin, hansısa YAP funksionerinin lağ-lağı münasibətini eşidə bilərik.
Bəlkə də hakimiyyətin daha uğurlu qərar qəbul etmək imkanı olacaq və günlərin
bir günündə bunu qəbul edəcəklər. Bəlkə təklifin sadəcə bizim tərəfimizdən irəli
sürülməsinə görə narahatdırlar. Bəlkə sabah təklifi öz adlarına çıxaraq
reallaşdırdılar. Bütün bunlar qarşıdakı dönəmdə aydınlıq gələcək”.
Seymur Əliyev