Beynəlxalq “Rəsul Rza mükafatı” laureatı Məmməd Tahirin Barak Obamaya həsr etdiyi şeiri Moderator.az oxucularına təqdim edirik:
Deyirlər Barak Obama
Hərdən bir parik geyərək,
Gəzib, arayıb öyrənir,
Milləti tapırmı çörək.
Bəzən köhnə paltar geyib,
Çıxır xalqın arasına.
Hansı nazir göz dikibdir,
Görür xalqın parasına.
Hansı məmur harda, nə vaxt
Millətin cibinə girir.
Bax, belə, Barak Obama
Hamının qəlbinə girir.
Hansı məmurun övladı
Yayınsa hərbi xidmətdən.
O an Barak Obamanın
Rəngi ağarır hiddətdən.
Dənizə divar hördürüb,
Vergidən yayınan nazir.
Görür hansı cibə gedir
Məsciddən “çalınan” nəzir.
Ayırır ağı qaradan,
Görür kölgəni Obama.
Bığ qoyub, parik geyinib,
Gəzir ölkəni Obama.
Deyirlər, belə deyirlər,
Şərdi, böhtandı, nə bilim?
Adam inanmaq istəyir,
Bəlkə yalandı, nə bilim?
16.05.2016