Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və təşkilatçılığı ilə Sumqayıtda bir ilkə imza atılıb. Belə ki, turistlər, həmçinin yerli sakinlər üçün Sumqayıt turu fəaliyyətə başlayıb. Bundan sonra Sumqayıtlılar, eləcə də Sumqayıtı görmək, gəzmək, tanımaq istəyən hər kəs ikimərtəbəli səyahət avtobusunda Sumqayıtı yaxından tanımaq imkanı əldə edəcəklər. Həmçinin, Bakı şəhərinin, ümumiyyətlə Azərbaycanın bütün rayon və şəhərlərinin ən gəzməli, görməli məkanlarına, tarixi əhəmiyyətli obyektlərinə, səyahət edə biləcəklər.
Moderator. az xəbər verir ki, şəhər rəhbərliyində təmsil olunan rəsmi şəxslərin, şəhər ictimaiyyət nümayəndələrinin, müəllimlərin, əlaçı məktəblilərin, eləcə də KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt turunun rəsmi açılış mərasimi keçirildi. Sumqayıt Tarix Müzeyinin qarşısında toplaşan tur iştirakçılarına ilk öncə turun təşkil olunma məqsədləri açıqlandı. Tur iştiakçılarına qoşulan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov məlumat verdi ki, bu turların təşkil olunmasında əsas məqsəd ölkəmizə səfər edən xarici qonaqları, eləcə də şəhər sakinlərini Sumqayıtın göz oxşayan məkanları ilə tanış etmək, bir sözlə, Sumqayıtı turizm əhəmiyyətli şəhərə çevirməkdən ibarətdir.
Saat 16:00-da start götürən turizm marşrutunun ilk dayanacağı Heydər Əliyev Mərkəzi oldu. Daha sonra marşrut Corat kəndinə üz tutdu. Sumqayıtın tarixi, tanınmış şəxsiyyətləri haqqında dolğun məlumatlar çatdıran bələdçi yol boyu tikilməkdə olan yeni mədəniyyət və təhsil müəssisələri haqqında da məlumat verdi. Hazırda Sumqayıtda böyük quruculuq, abadlıq işləri aparılır. Təhsil müəssisələri tikilir, köhnələr bərpa edilir, şahmat məktəbi, eləcə də musiqi məktəbinin yeni binaları inşa olunur.
Corat kəndində tur iştirakçılarını iki tarixi obyektlə tanış etdilər. Birinci tarixi obyekt XVI əsrə aid Hacı Məcid hamamı oldu. Qeyd edək ki, yerdən dörd metr dərinlikdə inşa edilmiş Hacı Məcid hamamı 2000-ci ilə qədər istifadə olunub. Hazırda tarixi abidə kimi qorunur. Daha sonra tur iştiakçıları Coratda yerləşən XVIII əsrdə tikilmiş Gülxatun məscidini ziyarət etdilər. Məscid bu gün də kənd camaatı tərfindən istifadə olunur.
Bildiyimiz kimi Corat kəndinin aşağı hissəsi Xəzər dənizinin sahilinə açılır. Hazırda həmin ərazidə Sumqayıt icra başçısının göstərişi ilə böyük şəhər bulvarı salınır. Tur iştirakçıları tikilməkdə olan Sumqayıt bulvarı ilə də tanış oldular. Nəzərinizə çatdıraq ki, tikinti işlərinin yeni başlanılmasına baxmayaraq bulvarda bir xeyli iş görülüb. Bulvarın tikintisinin 2017-ci ilində başa çatacağı gözlənilir.
Səyahət marşrutunun növbəti dayanacaqları Sumqayıt Şəhidlər Xiyabanı, Xocalı faciəsi abidəsi, Nəsimi adına mədəniyyət və istirahət parkı, Sumqayıt texnologiyaları parkı, Bayraq meydanı, “Poeziya guşəsi” Səməd Vurğun və Cəfər Cabbarlının borelyefləri, Sumqayıt Dövlət Rəsm Qalereyası oldu. Sumqayıt Rəsm Qalereyasında tur iştirakçıları Sumqayıt rəssamlarının əsərləri ilə tanış oldular. Daha sonra qalareyanın qarşısında Sumqayıt mədəniyyət müəssisələrinin hazırladığı kiçik konsert proqramı təqdim edildi. Sumqayıtın istedadlı gənclərinin təqdim etdiyi musiqi nömrələri tur iştiarkçıları tərəfindən maraqla qarşılandı.
Tur iştirakçıları daha sonra Göyərçin meydanında oldular. Bildiyimiz kimi Sumqayıt sülh və dostluq şəhəri kimi tanınır. Məhz ona görə də Sumqayıtda dostluğun və sülhün rəmzi olan göyərçin quşuna abidə qoyulub və bu abidə 2015-ci ildən şəhərin loqotipi kimi qəbul edilib. Sülh küçəsinin sonunda Dənizkənarı parkda yerləşən Göyərçin abidəsi 1978-ci ildə qurulub. 10 metr hündürlükdə olan bağ-park, monumental, xatirə abidəsinin müəllifləri Vaqif Nəzirov və Asim Quliyevdir. Göyərçin abidəsi dövlət tərəfindən qorunur.
Sumqayıt turu start götürdüyü məkanda, Tarix muzeyinin qarşısında sona çatdı.