Dünən prezident İlham Əliyev İstanbulda fəaliyyətə başlayan Dünya Humanitar Sammitinin plenar iclasında Ermənistanın Azərbaycanı nüvə silahı və “çirkli silah“la təhdid etməsindən də danışdı. Beynəlxalq təşkilatları bu məsələdə təbirlər görməyə çağırdı: “Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir”.
Görəsən, beynəlxalq qurumlar bundan sonra Ermənistanın “çirkli bomba” təhdidinə etirazlarını bildirəcəklərmi?
Moderator.az-ın məsələ ilə bağlı sualına Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü rəhbəri, professor Qafar Çaxmaqlı aydınlıq gətirib.
Professor bildirib ki, Azərbaycanla yanaşı Türkiyənin də bu məsələdə qərarlılığı dəstəklənəcək və nəticə verəcək:
“Bir neçə il öncə Rusiya Metsamor Atom Elektrik stansiyasının köhnəlmiş enerji blokunun yerinə yenisini inşa etməklə bağlı qərarını elan edəndə mənim də Türkiyə mediyasında bir yazım yayınlanmışdı. Və o zaman bu məsələ o qədər də ciddi reaksiyaya səbəb olmadı. O zaman Türkiyə Rusiya ilə Mersində - Akkuyuda bir Atom Elektrik stansiyasının projesini görüşməkdə idi və Rusiyaya qarşı tavr almaq genəl siyayətə uyğun deyildi. Amma hər kəs fərqində idi ki, bu AES bölgə üçün təhdiddir və Ermənistanın özündə də bunun qapanmasını tələb edirdilər. Sarkisyan hakimiyyəti bu etirazları səngidə bildi. Amma indinin özündə də buna etiraz edənlər var. Məsələnin MAGATE səviyyəsinə qaldırılması əlbəttə bölgə ölkələrinin əsas işi olmalıdır. Ermənistan onsuz da bu stansiyanın yeni blokunun inşasına pul ayıran deyil . Buna Rusiya yardım edəcəkdi . Rusiyanın da durumu buna yardım ayırmağa imkan vermir. Məsələnin həqiqətən təhlükəli olduğunu beynəlxalq atom quruluşları bilirlər. Bu məsələni hər zaman gündəmdə saxlamaq lazımdır”.