Bu gün Azərbaycandan rus qoşunlarının çıxarılmasının 23-cü ildönümüdür. Düz 23 il bundan öncə - 25 may 1993-cü il tarixində rus qoşunları Azərbaycandan çıxarılıb və ölkə ərazisində başqa dövlətə məxsus hərbi bazaların mövcudluğuna son qoyulub. Məhz bu böyük tarixi olayın əhəmiyyətinə diqqət çəkən bəzi siyasi partiyalar bu günün bayram kimi qeyd olunmasının zəruriliyi qənaətindədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bu məsələyə tarixi qiymət verməyin vacib olduğunu bildirib. Millət vəkilinin qənaətincə, məhz bundan sonra bu barədə dəqiq fikir söyləmək olar:
"Azərbaycandan rus qoşunlarının çıxarılması geniş mövzudur. Ölkəmizdən rus qoşunlarının çıarılmasının müxtəlif, obyektiv və subyektiv səbəbləri var. Buna görə də bu məsələ tam araşdırılıb öz tarixi qiymətini almalıdır. Yalnız bundan sonra bu haqda dəqiq fikir bildirmək olar.
Azərbaycan dünyada çox azsaylı ölkələrdəndir ki, onun ərazisində hər hansı bir dövlətin hərbi bazası və qoşunu yoxdur. Bu, çox önəmli bir özəllikdir. Azərbaycan ərazisində yalnız Qəbələ RLS rusların istifadəsinə verilmişdi. Lakin Qəbələ RLS-lə bağlı müqavilə bitəndən sonra müqavilə uzadılmadı və bu RLS Azərbaycanın özünün istifadəsində qaldı".
Seymur Əliyev