Yəqin çox az adam tapılar ki, onun Azərbaycanın ən dilbər guşələrindən biri sayılan Naxçıvan, bu diyarın qeyri-adi gözəllikləri ilə bağlı az və ya çox məlumatı olmasın. Lakin əminik ki, "Şərq qapısı" qəzetinin ərsəyə gətirdiyi və Moderator.az-ın təqdim etdiyi bu videoya baxandan sonra özünü Naxçıvan haqqında məlumatlı hesab edən, bu diyarın gözəlliklərini yetərincə görüb-tanıdığını düşünən şəxslər belə öz qənaətlərində nə dərəcədə yanıldıqlarını anlayacaqlar. Çünki oxucularımıza təqdim etdiyimiz bu videoda Naxçıvanın elə təkrarsız gözəllikləri, füsunkar mənzərələri yer alıb ki, bu mənzərələrin bir qisminə belə şahid olmaq, bu gözəlliklərin doğurduğu məftunluqdan zövq almaq üçün Azərbaycanın Naxçıvan adlı qədim diyarını qarış-qarış gəzmək, onun dərələrindən keçmək, dağlarını aşmaq, çaylarının və göllərinin sərinliyini hiss etmək, şəffaf bulaqlarının suyundan içmək, otlarının, çiçəklərinin qoxusunu nəfəs dolusu qoxlamaq tələb olunur.
Naxçıvanın ecazkar təbiət
və süni gözəlliklərinin harmoniyasını özündə əks etdirən bu video, oxucuları antik
diyarın əzəli və əbədi gözəllikləri ilə yanaşı, insan əməyinin yaratdığı möcüzələrlə də tanış edəcək, insanların bu
torpağı gəzmək, görmək, tanımaq arzusunu artıracaq, Naxçıvanı milyonlarla
soydaşımıza yenidən sevdirəcəkdir.