Bu günlərdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Çeçenistana səfər edərək bu ölkənin prezidenti Ramzan Kadırovla görüşüb. Ölkə başçısı adından R.Kadırovu Azərbaycana dəvət edən R.Mehdiyev ona “Zəfər” silahı hədiyyə edib.
Maraqlıdır, Ramiz Mehdiyev-Ramzan Kadırov görüşünü zəruri edən nədir? Azərbaycanın R.Kadırov amilinə bu qədər diqqət yetirməsi nə ilə bağlıdır?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu görüşün sadəcə iki ölkə üçün deyil, bütün bölgədə sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətli olduğunu vurğulayıb:
“R.Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəridir. Çeçenistan paytaxtında isə MDB məkanındakı dövlətlərin Təhlükəsizlik Şurası rəhbərlərinin görüşü keçirilirdi. R.Mehdiyev bu səbəblə həmin görüşə qatıldı. Amma eyni zamanda R.Kadırovla təkbətək görüş keçirdi. Ölkə prezideti adından ona hədiyyə təqdim etdi. Ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, bölgədə terror təhlükəsi, yad dini təriqətlərin, xüsusilə də vəhabiliyin yayılması təhlükəsi, informasiya təhlükəsizliyi məsələləri, İŞİD-in dağılmasından sonra bölgəyə sağ qalan İŞİD-çilərin axın etmək təhlükəsi və s. məsələlərlə bağlı müəyyən narahatlıqlar var. Bu problemlərin həlli üçün hər iki tərəfin səy göstərməsi vacibdir. Bu əməkdaşlıq təhlükəli dini tendensiyaların yayılmasının qarşısını almaq, həm də bölgədə təhlükəsizliyi qoruyub saxlamaq baxımından zəruridir”.
Seymur Əliyev