Moderator.az İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İran İslam Respublikasında səfərdə olmuşdur.
İqtisadiyyat naziri Şahin
Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları
naziri Mahmud Vaezi hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə
və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına
baxmış, Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr
aparılmışdır.
Bildirilmişdir ki, nəqliyyat
sahəsində əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin
vacib istiqamətlərindəndir. Bu baxımdan, Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizinin inkişaf etdirilməsi ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi,
iqtisadi, ticarət və yükdaşımalar sahəsində
əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Aprel ayında dəhlizin önəmli həlqələrinən
olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur. Dəmir yolu
körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı
olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin
təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikinti
xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Ümumiyyətlə,
2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara
stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və
yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin
tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, artıq Qəzvin-Rəşt dəmir
yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. 164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir. Bu məqsədlə Azərbaycan
tərəfindən İşçi Qrupu yaradılmışdır.