Dünya bazarında neftin qiyməti düşəndən bəri bir çox mütəxəssislər neftin qiyməti ilə bağlı müxtəlif mülahizələr yürütməyə başladılar. İndi də davam edən bu mülahizələrdə bəzi ekspertlər neftin qiymətinin daha da enəcəyini vurğulayırlar. Bəziləri də neftin qiymətinin isə indiki rəqəm ətarafında stabil qalacağını bildirirlər, bəziləri isə neftin qiymətinin artacağını, hətta bir barelinin 200 dollara qədər yüksələcəyini ehtimal edirlər.
Görəsən, hansı qrup ekspertlərin
ehtimalları həqiqətə daha yaxın görünür? Ümumiyyətlə, “can verməkdə” olan
neftin qiymətinin yenidən “dirilmə” ehtimalı varmı?
Moderator.az-ın bununla bağlı suallarına Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban aydınlıq gətirib.
İlham Şaban bildirib ki, neft bazarında iki aydır qiymətlər stabildir: “Yəni
orta qiymət 45 dollardır. Bu qiymətə satıcılar da alışıb, alıcılar da. Ona görə
də demək olmaz ki, bazarda hazırda hansısa QLOBAL bir NARAZILIQ hökm sürür və tərəflər
bu qiymətin dəyişməsi üçün cəhdlər edirlər. Yox, əslində neftin qiymətinin bir
qədər "cığırından" çıxması texniki məsələlərin təzahürlərindən
qaynaqlanırdı, nəinki fundamental prosseslərdən (tələblə təklif arasında olan
münasibətlərdən). Bu texniki məsələlər isə hər zaman ola bilər, yəni bazarda
fors-major məsələləridir. Kim gözləyə bilərdi ki, Kanadada meşə yanğınları baş
verəcək və bu net quyularının fəaliyyətinin müvəqqəti dayandırılmasına gətirib
çıxaracaq. Və ya iki münaqişə edən tayfa Exxon Mobilin Nigeriyadakı boru kəmərini
partladacaqlar və gündəlik hasilat birdən yarım milyon barelədək azalacaq. Belə
texniki faktorlar neftin qiymətini 50 dollardan yuxarı həddə keçməyə imkan
yaratdı, ancaq onu saxlamağa imkan vermədi. Çünki müvəqqəti xarakterlidir”.
Ekspert daha
sonra qeyd edib ki, vəziyyət normallaşan kimi neft yenə öz əvvəlki məcrasına
doğru qayıtmağa başlayır: “Hazırda Brend markalı neftin qiyməti London
birjasında 48,80 ətrafındadır. OPEK-in iyunun 2-də növbəti iclası keçiriləcək.
Ona qədər də neftin qiyməti qalxa bilər, çünki bəyanatlar verilə bilər,
bazarlara informasiya təzyiqləri arta bilər, ancaq reallıq bundan ibarətdir ki,
qlobal bazarda hələ təklif çoxdur. Yavaş-yavaş hasilatın azalma prosesi gedir və
bir-neçə aydan sonra bu prosesləri bazar özü tənzimləyəcək. Onda qiymətlərin
yenidən 50-ni ötməsi prosesini görə bilərik. Ümumilikdə isə hələlik butun
proqnozlar cari il üçün Brend markalı neft üçün orta qiymət 41-43 dollar
arasında dəyişir. Özü də bu optimist proqnozlardır. Yalnız gələn il üçün neftin
orta qiymətlərinin 50-ni ötəcəyi gündəmdəir, yəni 2015-ci il səviyyəsi”.
Rumiyyə