Son vaxtlar orta məktəblərdə qadın müəllimələrin sayının həddindən artıq çox olması, kişi müəllimlərin sayının kəskin azalması ilə bağlı ictimai rəydə müxtəlif fikirlər səslənir.
Maraqlıdır, genişlənməkdə olan bu tendensiyanı problem adlandırmaq olarmı? Bunun məktəb, təhsil üçün hansısa neqativ, arzuedilməz nəticələrinin olması mümkündürmü? Qadın müəllimlərinin hədsiz çoxluğu ilə bağlı narahatlıq keçirməyə əsas varmı?
Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı sözügedən tendensiya ilə bağlı narahatlıq üçün kifayət qədər əsaslar olduğunu vurğulayıb:
“Əlbəttə baş verənlərlə bağlı narahatlıq keçirməyə əsas var! İlk növbədə nəzərə almalıyıq ki, idarəetmədə kişilərin təbii imkanları, nüfuzu qadınlardan daha üstündür. Qadınlar bu boşluğu doldura bilərlər, lakin kişilər qədər effektli edə bilməzlər. Məktəb təlim-tərbiyə ocağıdır. Bu ocaqda həm qadın, həm də kişi cinsinin olması vacibdir. Bunun bir sıra səbəbləri var: birincisi, şagirdlərə hər iki cinsin şəxsi nümunəsini göstərmək, onlarda kişi və qadın idealları gormalaşdırmaq; ikincisi, tərbiyədə tələblərin ciddiliyini qorumaq, məktəbdə kişi nüfuzunun olduğunu qəbul etdirmək; üçüncüsü, məktəb mühitində pedaqoqların özləri arasında münasibətləri balanslaşdırmaq, qaydaya salmaq; nəhayət, kişi müəllimlərin öz işinə vaxt ayırmaq imkanları daha genişdir. Təsəvvür edin, qadın müəllimlərin böyük əksəriyyəti, həm də ev xanımlarıdır. Onlarla qayğıları var. Sizcə, onlar məktəbə nə qədər vaxt ayıra bilərlər? Dərs dedikləri müddət qədər. Ancaq kişi müəllimlər yaxşı əmək haqqı alarlarsa, bu fərqi azaltmaq olar. Ən ağrılısı isə budur ki, cəmiyyət məktəbdə işləyən kişi müəllimlərə o qədər də yaxşı yanaşmır. Hansısa kişinin məktəbdə müəllim işlədiyini eşidəndə ilk növbədə bunu düşünürük: "O maaşla ailəsini necə saxlayır?". Müəyyən fazi repetitorluqla məşğul olan kişi müəllimlər istisnalıq təşkil edir. Onları sayı isə çox azdır. Məktəblərdə kişi müəllimlərin sayının artırılması çox, həm də çox vacib məsələdir. Təəsüf ki, bunu təbliğat, aktuallaşdırma yolu ilə etmək mümkün olmayacaq. Ciddi tədbirlər görülməlidir. Bunların arasında maddi təminat öndə durur”.
Seymur Əliyev