Məlum olduğu kimi, sabiq MTN rəhbəri Eldar Mahmudovun rəhbərlik etdiyi general-polkovnik heyətindən ibarət şəbəkə ifşa edilsə də, Azərbaycanda “MTN işi” ilə əlaqəsi olan, vaxtiylə bu komanda ilə əlbir fəaliyyət göstərən hakim və vəkillər məsuliyyətə cəlb edilməyib. Halbuki, bəzi hüquqşünaslar bu cür şəxsləri müəyyən etməyin heç də çətin bir iş olmadığı qənaətindədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bəzi hakimlərin CM-nin 295.2-ci maddəsini aşkar şəkildə pozduğunu vurğulayıb:
“MTN işi”nə bağlı olan hər kəsin, eləcə də hakimlərin məsuliyyətə cəlb edilməsi zəruridir. Bu hakimlərin bəzisinin adı ictimaiyyətə bəllidir. MTN-nin sifarişlərinin hansı hakimlər tərəfindən yerinə yetirildiyini müəyyənləşdirmək olduqca asandır. Qanunsuz hökmlər çıxardan bu hakimlərin məsuliyyətə cəlb olunması vacibdir. Onlar Cinayət Məcəlləsinin 295.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini həyata keçirib. Yəni onlar qəsdən, bilə-bilə əsassız yerə insanların azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxardıblar. Vəkillər var ki, onlar vəkillik peşəsi, vəkillik etikasına yaraşmayan əməllərə yol veriblər. Elə vəkillər var ki, müstəntiq onlara 20 manat verir və bu 20 manat qarşılığında onlar istənilən imzanı atırlar. Onlar istintaq hərəkətlərində iştirak etmədikləri halda həmin sənədlərə imza qoyurlar. Lakin bu vəkillər haqqında heç bir tədbir görülmür. Guya bunlar hakimiyyətə xidmət edir. Vəkil hakimiyyətə yox, qanuna, müdafiə etdiyi şəxsin hüquqlarının qorunmasına xidmət etməlidir. Qanun da, vicdan da, vəkillik etikası da bunu tələb edir”.
Seymur Əliyev