Bu gün Gəncədə Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiyadan olan qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İşğala, terrora və əsassız iddialara qarşı” beynəlxalq forumun 3-cü toplantısı keçirilib.
Forum üzvləri
öncə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə
görüşüblər.
Sonra forum 3-cü
toplantısına başlayıb.
Qarabağ Azadlıq
Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, ötən ilin dekabr ayında təsis
edilən forumun yaradılmasında məqsəd Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşası, regional münaqişələrin
ədalətli həllinə ictimai dəstək və bu işlərin həyata keçirilməsi üçün beynəlxalq
QHT şəbəkəsinin yaradılmasından ibarətdir: "Burada məqsəd həm də
Gürcüstanın və digər dövlətlərin problemlərini ortaya qoymaqdır".
Türkiyədəki
Əsassız İddialara qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksəl Gülbəy
çıxışında Azərbaycan və Türkiyənin erməni təbliğatına qarşı birlikdə mübarizə
aparmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, foruma üzv ölkələrinin
sayının artırılması qarşıya məqsəd kimi qoyulub.
Forum
iştirakçılarından Emin Həsənli, Gürsel Özdəmir, Mehdi Mehdiyev, Cəfər Dal, Sərraf
Kərimov, Mehdi Nalbəndi, Ruhullah Mütəffəkir Azad, Akif Kərimov, Əli Babayev, Nəsimi
Qarabağlı və digərləri çıxış edərək təkliflər veriblər.
Sonra
forumun gündəliyində duran məsələlər müzakirəyə çıxarılıb. Forumun adı dəyişdirilərək
"Beynəlxlaq Anti-işğal Forumu" adlandırılıb.
Daha sonra
forumun qətnaməsi qəbul edilib. Qətnamədə Azərbaycanın işğalçı Ermənistana
qarşı azadlıq mübarizəsi aparmaq haqqı, Türkiyənin terrora və bölücülüyə qarşı
mübarizəsinin dəstəklənməsi, Dağlıq Qarabağ, Abxaziya, Kipr və digər regional
münaqişələrin ədalətli həllinə çağırış kimi məsələlər əksini tapıb.