Moderator.az şair-publisist Heydər Oğuzun qələmindən yenicə çıxmış bir təmsili təqdim edir:
Soruşdu təzə sabun
Bir gün köhnə sabundan:
-“Bizim hansı yönümüz
Əskikdir ondan-bundan?
Bir gözə girmək üçün
Xeyli köpüklənirik,
Amma gözə girəndə
Dərhal “təpiklənirik””.
Dedi köhnəlmiş sabun:
-“Mən də olarkən təzə
Sənintək əlləşərək,
Girmək istərdim gözə.
“Nə etməli?” fikriylə
Çox düşünüb daşındım,
Çıxdım dəri-qabıqdan,
Aşındıqca aşındım.
Yüz cür ətirlər qatdım
Köpüyümün iyinə,
Gözə girmək yolunu
Tapa bilmədim yenə.
Vücudum sürtülməkdən
Hər gün mumtək əridi.
Gördüm, nə sabun gözün,
Nə göz sabun yeridi.
Usandım görünməkdən
Gündə fərqli donumda,
Girəcəyim ünvanı
Dəyişdirdim sonunda.
Tapınca öz yerimi
Gözdən də üstün oldum.
Gözə girə bilməzkən,
Göz üstündə tutuldum”.