Məlum olduğu kimi, Niderlandda PKK-çılar Azərbaycan və Türkiyə diaspor təşkilatına silahlı hücum edib. Hücum nəticəsində bir neçə təşkilat üzvü başından güllələnib.
PKK-nın bu əməliyyatı Azərbaycanın da Türkiyə ilə birlikdə bu terror təşkilatına qarşı birgə hərbi əməliyyat aparması üçün zəmin ola bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Azərbaycanın PKK-ya qarşı hərbi əməliyyat aparmasının mümkün olmadığını, fəqət bununla yanaşı ölkəmizin Türkiyənin apardığı anti-terror əməliyyatlarını dəstəklədiyini vurğuladı:
“Azərbaycan yalnız öz sərhədləri daxilində hərbi əməliyyatlar apara bilər. PKK Azərbaycan ərazisində fəaliyyət göstərmir. Ona görə də biz bu cür əməliyyatlar apara bilmirik. Lakin biz Türkiyənin onun ərazi bütövlüyü üçün təhlükə yaradan terrorçulara qarşı mübarizəsini daim dəstəkləyirik. Niderlandda baş verən olaya gəlincə, şübhə etmirəm ki, bu hadisəni sözügedən dövlətin hüquq-mühafizə orqanları diqqətlə araşdıracaq və ciddi tədbirlər görəcəkdir”.
Seymur Əliyev