PKK-nın Niderlandda Azərbaycan və Türkiyə diaspor təşkilatına silahlı hücum etməsi PKK faktorunun Azərbaycan üçün də kifayət qədər böyük təhlükə olduğunu göstərməkdədir.
Maraqlıdır, PKK-nın məlum hücumu Azərbaycanın PKK-ya qarşı sərt addımlar atması ilə nəticələnə bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli indiki məqamda rəsmi bakıdan belə bir addım gözləmədiyini vurğuladı:
“Azərbaycanın milli maraqları çoxşaxəli təhdid altındadır. Azərbaycanda milli məsələlərə təəssüf ki, biganəlik də müşahidə edirəm. Azərbaycanın milli məsələləri ilə məşğul olan və buna cəhd edən təşkilatlara ögey münasibətin mövcudluğu da bir reallıqdır. Odur ki, indiki Azərbaycanla bu cür məsələlərə prinsipial yanaşma gözləmirəm. Hakimiyyət milli dəyərlərələ zənginləşmədikcə bu cür məsələlərin üstündən ya sükutla keçəcək, ya da təşəbbüsləri boğmağa çalışacaq. Xüsusilə PKK məsələsinə yanaşmada ehtiyatlılıq müşahidə olunduğu bir zamanda radikal addımlar gözləmirəm”.
Seymur Əliyev