Azərbaycanda kitab satışının aşağı səviyyədə olması, insanların kitaba olan marağının azalması son illər vaxtaşırı gündəmə gələn problemdir. Bəziləri iddia edir ki, bu marağın azalmasına səbəb alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi, sosial rifah şəraitinin pisləşməsidir.
Maraqlıdır,
kitab satışının iqtisadi-sosial durumla birbaşa əlaqəsi varmı? Əgər varsa, ölkədə
sosial-iqtisadi vəziyyətin getdikcə pisləşdiyini nəzərə alıb söyləmək olarmı
ki, bu gedişlə yaxın gələcəkdə kitab satışı tamamilə dayanacaq və mümkünsüz
hala gələcək?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən yazıçı Zümrüd Yağmur əslində məlum
problemin bütün zamanlar üçün keçərli olduğunu vurğulayıb:
“Azərbaycanda
kitaba maraq, mütaliə etmək istəyi indi azalıb demək düz deyil, çünki belə bir
maraq heç zaman olmayıb. Olmayan bir şey də azala bilməz. Bunu bizdən əvvəl yaşamış
yazarlar da zaman-zaman dilə gətiriblər. Həsən bəy Zərdabi, Sabir, Mirzə Cəlilin
yazılarında bununla bağlı kifayət qədər necə deyələr, şikayətlər var. İndi də
ölkədə mütaliə eyni şəkildə aşağı səviyyədədir. İnsanların çoxunda da belə bir
fikir var ki, toplum maddi çətinliklər ucbatından oxumağa büdcə ayıra bilmir. O
zaman belə bir sual yaranır, zənginimiz oxuyurmu? Yox! Azərbaycanda kitab
oxunmamasının səbəbi qətiyyən maddi yetərsizlik deyil. Əgər maddi yetərsizlikdirsə,
niyə onda hər evdə internet, əl telefonları və onları istifadə etmək üçün lazım
olan “konturlar” var?! Bunlara xərclənən pulların az qismi kitaba yönləndirilə
bilməzmi? Bizim toplumda hər şeydən qazanç götürmə arzusu var və bizdə “oxumaq”
ən yaxşı halda universitetə
girib, yaxşı bir işə sahib olmağınızı təmin etməyəcəksə, yararsızdır, yəni bu,
qazanc sayılmır. Eyni zamanda özünü yetişdirmək, kültürəl olaraq müəyyən bir səviyyəyə
çatdırmaq anlayışı azərbaycanlı zehnində tamamən olmayan bir qavramdır. Buna
sosial tələbat da olmadığına görə, oxumaq və ya hər hansi bir mədəni akt bizə
vaxt itkisi kimi görünür.
İnsanlar bir-biri ilə ünsiyyətdə mədəni çəhətdən aşağı səviyyədə olduğuna və ya
hansısa əsəri oxumadığına görə qınaq görmür, çünki fərdlər arası söhbətlər həddən artıq məişət
səviyyəsindədir. Nə yazıq ki, bu sadə vətəndaşa da aid deyil, eyni şəkildə özünü
ziyalı, mədəni sayanlar üçün də eynidir. Bunun dərin səbəbləri var. Media və
onu dəstəkləyən qüvvələr indi də Azərbaycanda istədiyi toplumu yaratdı və xalq
da nə yazıq ki, hər zaman
olduğu kimi tarixin bu dönəmində də öz iradəsini ortaya qoymadı. Üstəlik, bu, təkcə kitaba deyil,
muzey, teatr, kinoya da münasibət budur. Məsələn, bu yaxınlarda böyük qızım
sinif yoldaşlarına rəsm sərgisinə getməyi təklif etmişdi. Aldığı cavab isə “şəklə
baxmaqdan nə olacaq?” olmuşdu. O ki, qaldı bundan sonra vəziyyətin daha da pisləşməsinə...
Azərbaycanda ancaq sovetlər dönəmində insanlar az ”“çox mütaliyəyə maraq edib.
Bunun da öz səbəbləri vardı. Ölkədə iqtisadi durum pisləşdikcə, təbii olaraq
iflas həddində olan bütün sahələr kimi, bu sahə də tamamən çökə bilər. Məsələn,
yazar indi 500 nüsxə kitab sata blirsə, o zaman yəqin ki, heç bunu da edə bilməyəcək”.
Seymur
Əliyev