İyun ayının 16-19 tarixində Gürcüstan Respublikasında azyaşlılar arasında futbol üzrə Yay Turniri keçirilib. Turnirdə respublikamızı Cənub Regional Futbol Federasiyasının "Zirvə" Futbol Klubu təmsil esib. Azyaşlılardan ibarət komandanın üzvləri: Əlirzayev İbrahim, Həsənov Sahib, Vəliyev İbrahim, Ələkbərov Xəyal, Əliyev Həsən, Əliyev Huseyn, Əhmədov Həsən, Əhmədov Anar, Əhmədov Yaşar, Ələkbərov Soltan, Aslanov Qorxmaz, Əliyev Fərid, Allahverdiyev Nihad, Huseynov Mirzə, məşqçilər Abbasov Fuad və Manafov Əhmədin gərgin əməklərinin nəticəsi olaraq finala vəsiqə qazanıb, respublikamızın, komandanın adını layiqli şəkildə təmsil ediblər. Keçirilən hər 5 oyunda yüksək nəticə göstərərək turnirin qalibi olublar.
I oyunda Gürcüstan komandası "Didube" ilə görüşən azyaşlılarımız oyunu 7:7 hesabı ilə heç-heçə başa vurublar. 7 qolun 3-ü Xəyal Ələkbərova, 2-si Fərid Əliyevə, 2 qol isə Yaşar Əhmədova məxsus olub.
II oyunda "Olimpia" komandası ilə davam etdirən oyuncularımız bu dəfə 8-3 hesabla irəli çıxıblar. Bu oyunda fərqlənən oyunçularla yanaşı Ələkbərov Xəyal 2 qol, Əhmədov Yaşar 1 qol, Əlirzayev İbrahim 2 qol, Əhmədov Anar 2 qol, Əliyev Fərid 1 qolla komandaya xal qazandırıb.
III oyunda azyaşlılarımız meydanı "Dinamo Tiflis" futbol klubu ilə paylaşıblar. Oyun zamanı rəqib komandanın qapısından Əlirzayev İbrahim 3 qol, Ələkbərov Xəyal 2 qol, Əliyev Fərid 3 qol, Həsənov Sahib 1 qol keçirərək hesabı 9-3-ə qədər yuksəldiblər.
Yarımfinal oyununu gərginliklə keçirən oyunçularımız, çoxu erməni azyaşlılarından ibarət olan "Avaza" Futbol Klubu ilə görüşüblər. Bu dəfə daha da ürəkli oynayan komandamız 9-6 hesabı ilə qələbə qazanıb: Əlirzayev İbrahim 4 qol, Əliyev Xəyal 4 qol, Əhmədov Yaşar 1 qol. Azyaşlılarımızın səylə oyunu onlara finala vəsiqə qazandırmaqla nəticələnib.
Finalda yenidən "Didube" komandası ilə qarşılaşma baş tutub. Rəqib qapısından Xəyal Ələkbərov 4 qol, İbrahim Əlirzayev 1 qol, Fərid Əliyev 2 qol keçirərək komandanın 7-6 hesabla qələbə çalmasına nail olublar.
Klubun qapıçısı Hüseynov Mirzənin nümayiş etdirdiyi oyun onu nəinki həmyerlilərimizin, hətta gürcü futbol həvəskarlarının da sevimlisinə çevirib.
Turnirin ən yaxşı oyunçusu Əhmədov Yaşar, bombardir oyunçu isə Ələkbərov Xəyal seçilib.
Bütün bu uğurlar komanda-məşqçi birliyinin məsuliyyətli, gərgin zəhmətinin bəhrəsidir. Məşqçilər Fuad Abbasov, Əhməd Manafovun bu qələbələrin qazanılmasında danılmaz əməyi, azyaşlı futbolçularımızın vətənpərvərlik ruhu ilə vətəndən uzaqda rəqib komandalara üstün gəlmələri hamımızın qəlbini riqqətə gətirdi. Klub üzvlərinə, məşqçilər də daxil olmaqla bütün oyunçularımıza uğurlar arzulayır, onlardan daha çox qələbələr gozləyirik. Daim sədaları yüksəklərdən, zirvələrdən gəlsin. Klubun adi "Zirvə" oldugu kimi özləri də zirvələrdə olsunlar.