“Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlərin normallaşmasına xidmət edən addımlar məqbul strateji seçim kimi xarakterizə olunmalıdır. Çünki siyasi konfrantasiya hər iki ölkə arasındakı iqtisadi münasibətlərə ciddi neqativ təsir etməklə yanaşı, Avrasiyada əməkdaşlığın genişləndirilməsi kontekstində arzuolunmaz haldır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Nurlan Qələndərli Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlərin normallaşmasına xidmət edən amillərdən danışarkən deyib.
Onun sözlərinə görə, XXI əsr qloballaşma şəraitində Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik baxımından da müstəsna əhəmiyyət kəsb edir: “Doğrudur, bu iki regional güc mərkəzi inteqrasiya və əməkdaşlıqdan daha çox strateji rəqabət platformasında qarşı-qarşıya gəlirlər. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən nəticələr ortaya qoymaq potensialına malikdir”.
Politoloq əlavə edib ki, Rusiya-Türkiyə yaxınlaşmasının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün ilk növbədə hər iki dövlətin strateji maraqları təmin olunmalıdır: “Siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi kontekstində tərəflərin ortaq mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən diplomatik münasibətlərin normallaşması istiqamətində atılan addımları pozitiv amil kimi xarakterizə etmək olar”.
Rumiyyə