Məlum olduğu kimi, Türkiyənin baş naziri Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan prezidenti İlham Əliyevin böyük rol oynadığını bildirib. İ.Əliyevin bundan öncə də dünyada sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində müəyyən addımlar atdığı, çağırışlar səsləndirdiyi nəzərə alsaq, Azərbaycan prezidentinin Nobel sülh mükafatı ilə təltif edilməsi mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bunun tamamilə mümkün olduğunu, İ.Əliyevin ən yüksək mükafatlara layiq olduğunu vurğuladı:
“Prezident İlham Əliyevin Nobel sülh mükafatına layiq görülməsi tamamilə mümkündür. Çox sağ olun ki, gözəl bir məsələyə toxunmusunuz. Azərbaycan prezidenti apardığı siyasətlə həm ölkə daxilində, həm də dinlər arasında, millətlər arasında dostluq, qardaşlıq münasibətini ən yüksək səviyyədə bərqərar edib. Tolerantlığı inkişaf etdirib. Eyni zamanda, qeyd etdiyiniz kimi, dünyada sülhün bərqərar olması üçün davamlı olaraq çağırışlar edir. Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşdiyi ilk günlərdən Azərbaycan prezidenti cənab İlham Əliyev özünün şəxsi əlaqələrindən, nüfuzundan istifadə edərək bu dövlətlər, hökumətlər arasında münasibətlərin normallaşmasına çalışıb. Artıq nəticələr göz qabağındadır. Buna görə də, qeyd etdiyiniz kimi, gələcəkdə cənab prezidentimizin mövcud olan ən yüksək mükafatlara, eləcə də Nobel sülh mükafatına layiq görülməsi çox yaxşı bir hal olar.
Türkiyə-Rusiya və Türkiyə-İsrail arasında münasibətlərin normallaşmasında həm Azərbaycan prezidentinin rolu var, həm də bu dövlətlər arasında münasibətlərin normallaşması Azərbaycan üçün çox vacibdir və dövlətimizin xeyrinədir”.
Seymur Əliyev