İstanbulda baş verən, bütün Türkiyəni qana bulayan terror hadisəsinə dünya ulduzları da biganə qalmayıblar. Onlar Türkiyəyə dəstək nümayiş etdiriblər. Tanınmışlar öz "İnstagram" səhifələrində bütün türk xalqına başsağlığı verib, terroru lənətləyiblər.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə "İstanbul", "başımızsağolsun", "terorulanetleyiruz", "Prayforİstanbul" həştəqləri ilə yazılar, şəkillər paylaşılıb.
Bir neçə gün öncə Bakıda konsert verən, dünya şöhrətli müğənni Enriki İqlesias öz səhifəsində belə yazıb: "Mənim ürəyim İstanbulladır. Mənim fikirlərin, dualarım bu dəhşətli hadisədən əziyyət çəkən, ümumiyyətlə dünyada bu kimi vəhşiliklərə məruz qalan hər kəslədir".
Daha bir dünya şöhrətli ulduz Madonna da Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsi ilə bağlı öz təəssüfünü bildirib. O, "Bir-birmizi sevmək niyə bu qədər çətindir?" yazaraq Türkiyə və İstanbula dua etdiyini qeyd edib.
Rus əsilli, cazibədar model İrina Şeyk də İstanbulla bağlı öz üzüntüsünü dilə gətirib: "Yenə terror! Nə qədər uşaq, ana, ata və qardaş öləcək? Nə qədər ağlayacağıq?"
Dünya məşhurları ilə yanaşı, Türkiyənin və Azərbaycanın tanınmış simaları da terroru lənətləyiblər. Onlar arasında Hadisə, Hakan Şükür, Gülben Ergen, Sibel Can, Ebru Gündeş və başqaları var. Məşhurlar "Yenə canımız yandı. Yenə canlarımız getdi. Bu son olsun artıq"... kimi ifadələrlə öz acılarını dilə gətiriblər.
Azərbaycan məşhurları da qardaş ölkədə Atatürk hava limanında terror hadisəsi nəticəsində ölənlərin yaxınlarına başsağlığı, yaralananlara isə şəfa arzulayıblar. Onlar içərisində Xoşqədəm Hidayətqızı, Sevda Yəhyəyeva, Emil Bədəlov, Elza Seyidcahan, Kamil Zeynallı, Namiq Qaraçuxurlu və digərləri var. "Allah rəhmət eləsin! Dünyasını dəyişənlərə cənnət qismət olsun! Yaxınları bu sınaqdan üzü ağ çıxsın! Bu əhya gecəsində dua etməkdən başqa əlimizdən heç nə gəlmir..." kimi ifadələrlə qonşu ölkəyə başsağlığı veriblər.